Azərbaycan dünyada ilk dəfə mobil rezidentlik təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət təşkilatı ilə (ISESCO) birgə təşkil etdikləri Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil – Asan İmza təqdim olunub. Eyni zamanda, Azərbaycan Estoniyadan sonra xaricilərə e-Rezidentlik təqdim edən ikinci ölkə olub.

AZƏRTAC xəbər verir ki, Elektron və Mobil Rezidentlik Proqramının açılışına həsr olunmuş konfransda ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir. “Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhfələrdir”, – deyə o vurğulayıb.

Daha sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveyciri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının yaradılmasını böyük nailiyyət kimi qeyd edib. Müasir dövrdə bu sahədə inkişafın vacib olduğunu bildirən Əbdüləziz bin Osman əl-Tuveyciri ölkəmizin texnologiyaların inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. “Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan Qərblə Şərqi birləşdirən bir məkandır”, – deyə bildirib.

Konfransda Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, “Gazinformservice” MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryuşkin, Bridgizzin baş icraçı direktoru Ahmed Larouz və başqaları çıxışlar ediblər.

Sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveyciriyə Azərbaycanın ilk mobil operatoru “Baksell”in şəbəkəsi əsasında hazırlanan mobil rezidentlik və milli geyim hədiyyə edilib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa da ilk dəfə elektron rezidentlik və həmçinin milli geyim təqdim edilib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli isə videoçarx vasitəsilə elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin elektron və mobil Rezidentlik Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi qaydası”na əsasən təqdim edilib.

Konfrans Azərbaycanda elektron və mobil rezidentlik proqramını əhatə edəcək panel iclaslarla işini davam etdirir. Məruzəçilər Rezidentliyin xarici investorlar və sahibkarlar üçün necə güclü vasitə ola biləcəyini müzakirə edirlər, habelə transsərhəd e-xidmətlər və e-imzalar haqqında fikir mübadiləsi aparırlar.

Konfransda sərhədlərarası elektron xidmətlər və e-ticarət, regional qovşaq təşəbbüslərindən nümayəndələr iştirak edirlər.

Azərbaycan Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tailand, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.