Azərbaycan Dünya Etnosport Konfederasiyasına üzv qəbul olunacaq

Hazırda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Dünya Etnospor Konfederasiyasına üzvlüyü müzakirə olunur.

-ın məlumatına görə, bu barədə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, konfederasiya gənc olmasına baxmayaraq, 12 ölkədən üzvlük qəbul edilib. B.Ərdoğan ARAF rəsmilərini yaxın vaxtlarda Antalyada təşkil olunacaq tədbirə dəvət edəcəklərini söyləyib: “Tədbirdə 60-dan çox ölkə iştirak edəcək. Orada milli idman növlərinin gələcəyini müzakirə edəcəyik. Azərbaycanlı qardaşlarımızın da töhfələri bizim üçün dəyərli olacaq”.

İyulda Gədəbəydə keçirilmiş Milli Yaylaq Festivalında iştirak etdiyini xatırladan konfederasiya rəhbəri Türkiyədə və türk dünyasında milli idman növlərinin inkişafı üçün çalışdıqlarını vurğulayıb: “Dünyanın hər tərəfində eyni işləri görmək istəyirik. Azərbaycanlı qardaşlarımızla yaxınıq. Buradakı beynəlxalq yarışlar uğurla keçib və təşkilatçılıq qabiliyyəti də yaxşıdır. İnanıram ki, Azərbaycanda milli idman növlərində də uğurlar olarsa, bu, Türkiyəyə də töhfə verəcək. Türkiyədəki hadisələr də buraya təsir edəcək. Biz öz mədəniyyətimizə və milli idman növlərimizə sahib çıxmalıyıq. Bu, bizim XXI əsrdə öz kimliyimizlə var olmağımızı təmin edəcək. Bu gün burada final qarşılaşmasını izləyədik. Bizi yaxşı qarşıladıqları üçün bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm”.

Çövkəni Türkiyədə də tanıtmaq istədiklərini deyən B.Ərdoğan bunun üçün fürsətlərin olduğunu da diqqətə çatdırıb: “Bununla bağlı Türkiyədə yarışlar təşkil oluna bilər. İstanbul Kültür Festivalında da bu idman növü tanıdıla bilər. Bizdə qış festivalı da var. Çıldır gölü donduqdan sonra orada təşkil olunur. Çövkən idman növü burada da təşkil oluna bilər. Həmin göl Azərbaycana yaxın ərazidə – Qarsda yerləşir. Çövkən idman növü Anadoluda 200 ildir ki, unudulub. Bu idman növünü yenidən tanıtmaq və iki ölkə ölkə arasındakı münasibətlərə töhfə vermək istəyirik”.

Qonaq polo və çövkənin fərqli ayrı idman növləri olduğunu da diqqətə çatdırıb: “Polonun öz qaydaları var. Çövkəndən nələrisə götürüblər. Çövkən də, polo da davam etməlidir. Biz Yay Olimpiya Oyunlarında güləş idman növündə bir neçə medal qazanırıq. Amma Türkiyədə olimpiadadakı güləşdən əlavə bir neçə güləş növü mövcuddur. Bunlar bir-birinin alternativi deyil. İstəyirik ki, güləşə olan diqqət milli güləş növlərinə olan diqqəti kölgədə qoymasın. Poloya olan diqqət çövkənin zəifləməsinə gətirib çıxarmırsa, heç bir ziyanı yoxdur. Hər iki idman növü güclü olsun”.

B.Ərdoğanın fikrincə, çövkən beynəlxalq federasiyalar və qurumlar tərəfindən tanınması üçün başqa ölkələrə də gedib çıxmalıdır: Türkiyədə çövkən komandaları yaradıldıqdan sonra öz federasiyası da olacaq. Daha sonra bu federasiyalar arasında beynəlxalq federasiya qurmaq olar. Bu, əsasən idman növünü tanıtmaqdan asılıdır. Biz də çövkənin məşhurlaşması üçün işlərimizi davam etdirəcəyik”.