Cəlilabadda 38 baş iribuynuzlu mal-qara oğurlayaraq satan şəxslər saxlanılıblar

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə mal-qara oğurluqları törədən dəstə üzvləri saxlanılıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayonun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edib ki, onn məxsus 6 baş camışın kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar Rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.

Əraflarında keçirilən əlavə əməliyyat tədbirləri zamanı onların müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camış, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14000 manat olan 5 baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus 9 baş iribuynuzlu heyvanı və İbadət Nuriyevin 7 baş inəyini oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.