Azərbaycan akrobatları Avropa çempionatından 3 medalla qayıdıblar

İtaliyanın Pesaro şəhərindəki akrobatika gimnastikası üzrə Avropa çempionatında 3 medal qazanmış Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

“Report”un məlumatına görə, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.

Qitə çempionatında ölkəni böyüklər arasında qarışıq cütlük tərkibində Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan ibarət komanda təmsil edib.

Qadın qrupu temp hərəkətlərində bürünc, Rəhimov – Seyidli cütlüyü qarışıq hərəkətlərdə gümüş, temp hərəkətlərində isə bürünc medal qazanıblar. Rəfiyev və Abbasovdan ibarət kişi cütlüyü isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək, 5-ci olublar.