Ayətullah Əli Xameneyi iranlı alimin öldürülməsi ilə bağlı açıqlama yayıb

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneyi nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, o, ölkənin öndə gedən aliminin şəhid olduğunu bildirib. Qeyd edib ki, onun böyük elmi işləri davam etdirilməli, terror aktını törədənlər tapılıb cəzalandırılmalı və bu hadisə ətraflı araşdırılmalıdır.

Ali Rəhbər mərhumun ailəsinə və İran xalqına dərin hüznlə başsağlığı verib.

İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslər alimin öldürülməsinin adi bir hadisə olmadığını, qabaqcadan hazırlanmış terror aktı olduğunu bildiriblər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri isə bəyan edib ki, M.Fəxrizadənin qatilləri mütləq cəzalarına çatacaqlar və alimin qisası alınacaq.