Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələr haqqında məlumat verib.
Aİ-nin komissarı Marta Kos sonra Ağdamın Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olub. O, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumatlandırılıb. Bildirilib ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 227 min 713,3 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Piyadaəleyhinə 38 min 600 ədəd mina, tankəleyhinə 22 min 192 ədəd mina və 148 min 376 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə, 209 min 168 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.
Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyib.
Qonağa Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri və reallaşdırılan layihələr barədə də məlumat verilib.