“Avro-2020”: Belçika millisi növbəti mərhələyə vəsiqə qazanıb

Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki “Parken” stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. İyirmi yeddi yaşlı forvard bir dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.

Fasilədən sonra “qırmızı şeytanlar” hesabda dönüş etməyi bacarıb. Matçın 55-ci dəqiqəsində Torqan Azar, 70-ci dəqiqəsində isə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da məğlub edən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi səkkizdəbir finala növbəti vəsiqəyə sahib çıxıb.

Xatırladaq ki, ilk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.

Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya yığması Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.