Astanada Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov mayın 16-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində X.Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yerjan Kazıxan ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, habelə regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Müzakirələrdə tərəflər ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələrinin artan dinamika ilə inkişaf etdiyini vurğulayaraq, münasibətlərin gələcək inkişaf perspektivləri, o cümlədən nəqliyyat, kommunikasiyalar, ticarət, logistika, infrastruktur quruculuğu, energetika, regional bağlantıların inkişafı və digər mühüm sahələr üzrə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunub, regionda sabitlik və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov

Həmçinin iki ölkə arasında çoxtərəfli formatlar çərçivəsində uğurla əməkdaşlıq edildiyi qeyd olunub. Bu xüsusda, Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində X.Xələfov AQEM-in baş katibi Kayrat Sarıbay və Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakayev ilə də görüş keçirib. Görüşdə AQEM sədrliyinin gündəliyinin icrası ilə bağlı müzakirələr aparılıb.

ƏvvəlkiMilli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib
NövbətiPrezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub