ASTANA -20

İyunun 29-da Bakı şəhərində Qazaxıstanın Azərbaycandakı səfirliyində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 20 illiyi münasibətilə rəsmi tədbir keçirilib.

Tədbirə Azərbaycan hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkə səfirliklərinin diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ziyalılar və Azərbaycan KİV-ləri dəvət edilmişdilər.

Öz salamlama çıxışında Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri B.İsabayev bildirdi ki, Astana şəhəri iki onillik ərzində siyasi, iqtisadi və mədəni mərkəz olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilatların dünya miqyaslı və regional tədbirlərinin keçirildiyi məkana çevrilə bilmişdir. Səfir onu da qeyd etdi ki, qısa müddət ərzində Astana Avrasiyanın ürəyinə çevrilmiş, unikal arxitekturalı stili ilə Qərb və Şərqin gözəl ənənələrini özündə birləşdirə bilmişdir.

Daha sonra səfir diqqəti MDB məkanında ilk dəfə olaraq Astanada uğurla keçirilmiş “Ekspo-2017” möhtəşəm sərgisinə çəkdi. “Bu gün Astana müasir Qazaxıstanın brendi olmaqla yanaşı, həm də milli simvol kimi qazaxıstanlıların qürur yeridir” – deyə səfir öz çıxışını bitirmişdir.

Tədbirin açılışında qonaqların bu “smart” meqapolislə daha yaxından tanış olmaları üçün Qazaxıstanın paytaxtı barədə olan videorolik nümayiş etdirilib. Eyni zamanda, qonaqlara Qazaxıstan milli mətbəxinin də təqdim edilməsi bayrama milli kolorit qatmışdı.

Sevda Elay Əsgərova