Aşqabadda politoloqların və jurnalistlərin iştirakı ilə mediaforum keçirilib

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda hibrid formatda “Politoloq və jurnalistlərin iştirakı ilə regional dialoq” mediaforumu keçirilib.

Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həmçinin yerli və xarici KİV-lərin, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, universitetlərin təmsilçiləri və ictimai xadimlər iştirak ediblər.

AZƏRTAC-ın təmsil olunduğu tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Hadi Süleymanpur və Türk Şurasının Baş katibi Bağdad Amreyev çıxış edərək, forumun Türkmənistanın sabitlik və sülhü daha da möhkəmləndirməsini təsdiqləyən mühüm tədbirlərdən biri olduğunu qeyd ediblər. Çıxışlarda regionda qarşılıqlı informasiya mübadiləsi və inteqrasiya proseslərinin hərtərəfli işıqlandırılması baxımından peşəkar əlaqələrin və ünsiyyətin vacibliyi vurğulanıb.

Görüş iştirakçıları KİV sahəsində regional dialoqun inkişafını və aktual istiqamətlərin formalaşdırılmasını, ölkələrin media qurumları arasında informasiya axınlarının mübadiləsi üçün yeni trendləri və mexanizmləri müzakirə ediblər.

Tədbir çərçivəsində ekspertlər arasında təcrübə və fikir mübadiləsi aparılıb.