Ankarada 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanı salınıb

Noyabrın 21-də Türkiyənin Ankara şəhərinin Batıkent rayonunda 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş tədbir ölkəmizin Ankaradakı səfirliyi, SOCAR və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən birgə təşkil olunub.

Mərasimdə diplomatlar, qardaş ölkənin müxtəlif qurumlarının rəhbərləri, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, Türkiyə universitetlərinin tələbələri və Heydər Əliyev məktəbinin şagirdləri Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə İstanbul Vəkillər Palatasının üzvü, Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin rəhbəri Nərgiz Attar şəhidlərin azadlığımızın, müstəqilliyimizin və qəhrəmanlığımızın rəmzi olduğunu bildirib, gəncləri Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad etməyə çağırıb.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri Aygün Attar və SOCAR Türkiyə Enerji Şirkətinin baş direktoru Elçin İbadov çıxışlarında Vətən müharibəsində Azərbaycanın Zəfərinin tarixi əhəmiyyətindən danışıblar.

Sonra ağacəkmə prosesinin başlanğıcını bildirən lent kəsilib.

TADİV-in baş koordinatoru Ali Əkbər Tufan Ankaradakı yeni Xatirə Xiyabanında minlərlə ağacın əkilməsinin planlaşdırıldığını və bunun Türkiyə paytaxtının həmin guşəsini iki qardaş xalqın birliyinin yeni simvoluna çevirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə Meşəçilik İdarəsi Ankarada 8 Noyabr – Zəfər Günü Xatirə Xiyabanının yaradılmasına fəal şəkildə dəstək göstərib.

ƏvvəlkiVolodimir Zelenski ABŞ Prezidenti ilə sülh planını müzakirə etməyi gözləyir