Anım Günü ilə əlaqədar Qazaxıstanın Aktauda şəhərində tədbir təşkil olunub

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni icması tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, Türkiyənin Aktaudakı baş konsulu Müzəffər Akyıldırım, İranın baş konsulu Habibolla Malakuti Far, Özbəkistanın bu şəhərdəki Baş konsulluğunun nümayəndəsi, azərbaycanlı iş adamları və yerli ziyalılar iştirak edirdilər.

Əvvəlcə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti oxunub.

Sonra “Dostluq” milli-mədəni icmasının rəhbəri Şəmsəddin Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə parlaq Qələbənin qazanılmasından, onun nəticələrindən söz açıb.

Türkiyənin baş konsulu Müzəffər Akyıldırım çıxışında türk xalqının, eləcə də Baş konsulluğun adından şəhidlərimizə rəhmət diləyib, Azərbaycanın Zəfərinin bütün türk xalqlarının uğuru olduğunu vurğulayıb.

Daha sonra çıxış edən İranın baş konsulu Habibolla Malakuti Far ölkəsinin hökumətinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını vurğulayıb və “Qarabağ Azərbaycandır!” deyib.

Sonda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ƏvvəlkiAzərbaycanın beş müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib
NövbətiBakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına müraciət edib