Anım Günü: Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb

Xalqımız torpaqlarımızın işğaldan azad olunması naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından iki il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

AZƏRTAC 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinə, böyük Zəfəri təmin edən əsas amillərə bir daha nəzər salır.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi.

“Dəmir yumruq” əməliyyatı: Azərbaycan əsgəri 44 gündə bir addım da geri çəkilmədi

Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.

“Dəmir yumruq” əməliyyatının qısa xronikası: Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.

Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri dağlardan, meşələrdən, cığırlardan keçərək, Şuşanın sıldırım qayalarına dırmaşaraq, bir neçə istiqamətdən şəhərə daxil oldular. Qəhrəman ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından verdi.

Böyük Qələbə münasibətilə xalqımızı təbrik edən Prezidentin müraciətində böyük fəxarət və qürur hissi ilə söylədiyi aşağıdakı sözlər bu gün də qulaqlarda səslənir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın
müasir döyüş təcrübəsi dünyanın diqqət mərkəzindədir

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi. Ermənistan Ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.

İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2900-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, həmişə ehtiramla yad edir.

Prezident İlham Əliyevin 2020-2021-ci illərdə imzalandığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ötən il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyulub.

Qələbələrimizi təmin edən əsas amil: xalq-dövlət-ordu birliyi

Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, müharibələrin taleyini həll edən ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsində şanlı Zəfəri xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi təmin etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalara qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Azərbaycan KİV-ləri, o cümlədən AZƏRTAC Vətən müharibəsinin gedişini peşəkarcasına işıqlandıraraq cəbhə xəbərlərini xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə çatdırdılar.

Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdədir. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin açılışı oldu, yeni layihələrə start verildi. Şuşaya böyük Qələbənin rəmzi olan Zəfər yolu çəkildi. Füzulidə Beynəlxalq Aeroport açıldı. Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailə (ümumilikdə 326 nəfər) köçürüldü. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.

Budəfəki Anım Günü ərəfəsində daha bir tarix hadisənin qürur və sevincini yaşadıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezidentimiz sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Şəhid ailələrinə və qazilərə dövlət qayğısı

Ölkəmizdə şəhid ailələri, müharibə veteranları, qazilər dövlətimizin diqqəti və hərtərəfli qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev bu il mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında deyib ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək.

Bu diqqət və qayğını əyani şəkildə əks etdirən bir neçə fakt və rəqəmə nəzər salaq: Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı beş dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Prezident, Ali Baş Komandan İlham Əliyev bir məqamı da dəfələrlə vurğulayıb: “Biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq”. Prezidentin təbirincə desək, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.

Biz Azərbaycan Ordusunun və əsgərinin gücünə, qətiyyətinə bu il sentyabrın 13-14-də bir daha şahid olduq. Ordumuz Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonları ərazisində törətdiyi növbəti təxribatlara layiqincə cavab verərək düşməni yenə də yerinə oturtdu. Təəssüf ki, əks-hücum əməliyyatları zamanı 80 hərbi qulluqçumuz şəhid oldu. Onların qisası bu dəfə də artıqlaması ilə alındı.

Axıdılan şəhid qanları hədər getmir. Xalqımızın otuz illik arzusunu reallığa çevirən, Azərbaycanın hərbi qüdrətini bütün dünyaya göstərən, bizi qalib xalqa çevirən qəhrəman əsgər və zabitlərimiz bu gün işğaldan azad olunmuş torpaqlarımızın, Vətən sərhədlərinin müdafiəsində “Dəmir yumruq” kimi dayanmaqda davam edirlər.