“Anadolu Qartalı – 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı keçirilib

Türkiyədə keçirilən “Anadolu Qartalı – 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya vilayətində keçirilən konfransda hərbi pilot, general-mayor Mete Kuş təlimlə bağlı media nümayəndələrinə məlumat verib. General-mayor builki təlimin müasir, dinamik və çoxşaxəli əməliyyat mühiti əsas götürülərək planlaşdırıldığını və ilk dəfə müharibədən öncəki böhran mühitini əhatə edən ssenarilərin real uçuşlarla canlandırıldığını bildirib.

O qeyd edib ki, konvensional əməliyyat çərçivəsində keçirilən beynəlxalq təlimdə ilk dəfə yalnız pilotsuz uçuş aparatları (PUA) birbaşa bombardmançı rolunda iştirak edib.

Bildirilib ki, builki təlimə 30-u beynəlxalq, 45-i yerli olmaqla, ümumilikdə, 75 hava və dəniz vasitəsi, eləcə də 1000-dən çox şəxsi heyət qatılıb.

Brifinqdən sonra jurnalistlər onlar üçün ayrılmış sahədə Türkiyə, Azərbaycan, Qətər, Macarıstan, İordaniya, Səudiyyə Ərəbistanı, ABŞ və NATO-ya məxsus hava qüvvələrinin enmə və qalxış manevrlərini, Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları”nın nümunəvi uçuşunu izləyiblər.

ƏvvəlkiAzərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
NövbətiRusiya və ABŞ liderləri arasında telefon danışığı bir saat çəkib