Alpaqut Turan döyüş sənəti üzrə ilk dünya çempionatı Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb

“Sərhədçi” İdman Olimpiya Kompleksində noyabrın 24-də start götürən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, bütün yaş qrupları üzrə 18 ölkədən – Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.

Yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılara kubok, medal və xatirə hədiyyələri təqdim edilib.

“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.

Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir.