Ağdamın işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Quzanlıda konsert olub

Ağdamın işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Quzanlı qəsəbəsində konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər iştirak ediblər. Çıxış edənlər Ağdamın işğaldan azad edilməsinin ildönümü münasibətilə ağdamlıları təbrik edib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən danışıblar.

Əllərində bayraqlar tutmuş atlılar rayonun girişindəki Şəhidlər Abidə Kompleksindən Quzanlı qəsəbəsinədək yürüş edib, Cəngi sədaları altında konsertin keçirildiyi meydana daxil olublar. Konsertdə Ağdam Musiqi Kollecinin, “Qarabağ” İnstrumental Ansamblının ifasında rəngarəng, qələbə ruhlu mahnılar təqdim olunub. Rayonda fəaliyyət göstərən rəqs qruplarının və idmançıların çıxışları maraqla qarşılanıb. Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında Kərim Həsənov və Səbuhi Əhmədovun rejissorluğu ilə hazırlanan Zəlimxan Yaqubun “O qızın göz yaşları” kompozisiyasından və Nadir Qədimlinin “Günahsızlar” tamaşasından parçalar göstərilib.