Aerobika gimnastikası üzrə təmsilçilərimiz Çexiyada 7 medal qazanıblar

Çexiyanın paytaxtı Praqada aerobika gimnastikası üzrə keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayan yığma komandamızın üzvləri uğurla çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, komandamızın üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyərək qalib adına layiq görülüblər. D.Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, S.Əlixanlı, Leyla Bejanova, D.Qurbanova, S.Kazımovadan ibarət qrupumuz (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.

Millimizin digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medal qazanıb. Böyüklər arasında üçlük proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və V.Dolmatov ikinci olublar.

Qarışıq cütlüklər proqramında V.Dolmatov və M.Mustafayeva bürünc medal əldə ediblər.