“ADY Express” Özbəkistanla yükdaşımalarını 2 dəfədən çox artırıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olaraq “ADY Express” MMC 2022-ci il ərzində biznes əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirib. Daşıma coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlər xüsusi olaraq Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına yönəldilib.

“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, bu sırada Özbəkistanla əməkdaşlığın artırılması prioritet məsələlərdən biridir. İl ərzində “ADY Express” şirkətinin əməkdaşları Özbəkistanda keçirilən bir sıra mühüm tədbirlərə qatılaraq həmin ölkənin biznes dairələri ilə əlaqələr yaratmağa müvəffəq olublar. Nəticədə Özbəkistanla bağlı yükdaşımalar artırılıb.

Statistik göstəricilərə əsasən, əgər “ADY Express” şirkəti 2021-ci ildə Özbəkistanla bağlı 95 min tona yaxın yük nəql edibsə, cari ilin 10 ayında bu rəqəm 220 min tona yaxındır. Daşınan yüklərin 98 faizi tranzit yüklərin payına düşüb. Nəql olunan 200 min tona yaxın yük Özbəkistanın ixrac yüklərinin payına düşür, qalan hissəsi isə idxal yüklərinə aiddir.

Hər iki istiqamətdə daşımalar Xəzər dənizi üzərindən həyata keçirilib.