ABŞ-ın mərkəzi, cənubi və şərq bölgələrində gözlənilən qar fırtınası ilə əlaqədar 16 ştatda və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC-ın məlumatına görə, həftə sonunu və gələn həftənin əvvəllərini əhatə edəcək fırtına ilə əlaqədar insanlar marketlərə axışıb. Market rəfləri demək olar ki, boşalıb. Xüsusilə çörək, su, yumurta, ət və süd məhsulları, kartof, soğan kimi tərəvəz məhsullarını rəflərdə demək olar ki, tapmaq mümkün deyil. Kassaların qarşısında isə metrlərlə uzunluqda növbələr yaranıb. Təxminən 200 milyon insanı əhatə edəcəyi düşünülən qarın son 10 ilin ən güclü fırtınası olacağı proqnozlaşdırılır. Buna görə də ölkədə bunu tarixi qış adlandırırlar. Qarın qalınlığının paytaxt Vaşinqtonda 20-30 santimetr olacağı, bəzi ştatlarda isə bir metrə çatacağı gözlənilir.

















































