ABŞ-da “Moderna” və “Pfizer”in vaksinlərindən istifadə dekabrda başlaya bilər

ABŞ-da “Moderna” və “Pfizer” kompaniyalarının yeni koronavirusa qarşı hazırladıqları peyvəndlərdən istifadə olunmasına dekabr ayında başlanıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama ilə ABŞ-ın baş virusoloqu Entoni Fauçi NBC telekanalının efirində çıxış edib. “Moderna” kompaniyasının peyvəndinin klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyinə dair bəyanatını şərh edən Fauçi bu məlumatları heyrətamiz adlandırıb. “İndi bizdə kifayət qədər effektli iki vaksin var. Bu, lazımi istiqamətdə mühüm addımdır”, – deyə baş virusoloq bildirib.

Noyabrın 16-da Amerikanın “Moderna” kompaniyasının koronavirus peyvəndi klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyini bəyan edib. Bir müddət öncə ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan “AstraZeneca” kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırıb. Ağ evin məlumatına görə, administrasiya koronavirusa qarşı peyvənd layihələrinə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.