ABŞ-da insana ilk dəfə olaraq donuz ürəyi köçürülüb

ABŞ-da tarixdə ilk dəfə olaraq insana donuz ürəyi köçürülməsi əməliyyatı həyata keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Merilend xəstəxanasından bildiriblər. Məlumata qeyd olunur ki, ölmək üzrə olan xəstə üzərində son çarə olaraq aparılan əməliyyat sınaq məqsədi daşıyır. Əməliyyatdan üç gün sonra 57 yaşlı pasiyentin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bu nadir əməliyyatın insana həyat əhəmiyyətli orqan köçürmələrində heyvan orqanlarından istifadənin mümkünlüyü üzrə illərlə davam edən araşdırmalarda mühüm addım olduğu vurğulanır.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Nyu-Yorkda ölən insan bədəninə müvəqqəti olaraq donuz böyrəyi köçürülmüş və orqanın fəaliyyətinə davam etdiyi müşahidə olunmuşdu.