Ərdoğan: Türkiyə terrorizm problemini tam aradan qaldırmağı hədəfləyir

Türkiyə milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılması üçün hətta sərhədlərindən kənarda belə bütün zəruri addımları atır. Ankara bu çağırışları heç kimin icazəsini almadan “mənbəyində” zərərsizləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada şəhid ailələrinin iştirakı ilə keçirilən iftar mərasimində söyləyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin və digər güc strukturlarının keçirdikləri əməliyyatlar regionda fəaliyyət göstərən terror təşkilatlarının manevr imkanlarını məhdudlaşdırıb.

O, ölkənin hərbi-sənaye kompleksinin terrorizmlə mübarizəyə verdiyi töhfəsinə də diqqət çəkib: “Dövlət dəstəyi sayəsində Türkiyənin müdafiə sahəsində idxal əvəzetmə səviyyəsi 80 faizə çatıb. Bu gün ölkəmiz pilotsuz uçuş aparatları, raketlər, hərbi gəmilər, helikopterlər və tanklar da daxil olmaqla təhlükəsizliyin demək olar ki, bütün sahələrində öz ehtiyaclarını təmin etmək imkanına malikdir. Türkiyə terrorizm problemini tam aradan qaldırmağı hədəfləyir”.

Dövlət başçısı PKK terrorçuları ilə bağlı problemin tam aradan qaldırılmasına yönəlmiş “Terrorsuz Türkiyə” təşəbbüsünə də diqqət çəkib: “16 ay əvvəl elan edilmiş “Terrorsuz Türkiyə” təşəbbüsü sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli təhlükəsizliklə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb”.

Prezident iştirakçıları əmin edib ki, dövlət bundan sonra da şəhid ailələrinin maraqlarını qoruyacaq və qəhrəmanların xatirəsinə xələl gətirə biləcək heç bir addım atmayacaq.

Rəcəb Tayyib Ərdoğan, həmçinin xatırladıb ki, son onilliklər ərzində Türkiyədə 4222 məktəbə, küçəyə və ictimai məkana şəhidlərin adları verilib.

ƏvvəlkiSabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək
NövbətiABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb