Parlament 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib

Dekabrın 9-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib və ilk 6 məsələ üçüncü oxunuşda təqdim olunacaq 2026-cı ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələridir. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Bildirib ki, ciddi büdcə konsolidasiyası, fiskal dayanıqlılıq, keyfiyyət dəyişikliklərinə keçid yeni büdcə sənədinin əsas məzmun və mahiyyətini təşkil edir. 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard, kəsiri 3,1 milyard manat, icmal büdcənin gəlirləri 44,9 milyard, xərcləri 48,8 milyard, kəsiri isə 3,9 milyard manat təşkil etməklə 3-cü oxunuşda da dəyişməz olaraq qalır.

A.Əmiraslanov növbəti ilin büdcə layihəsinə edilən dəyişikliklər barədə məlumatında bildirib ki, müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Habelə, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Həmçinin bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. O, ümumilikdə 52 milyon manat təşkil edən bu xərclərin dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacağını söyləyib. Bununla yanaşı, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac yarandığını qeyd edib. O, təklif olunan dəyişikliklərin 2026-cı il dövlət büdcəsi haqqında yenilənmiş Qanun layihəsinin 1-ci, 7-ci və 9-cu maddələrində əks olduğunu deyib.

Deputat Gülşən Paşayeva bəzi fikir və qeydlərini söylədikdən sonra “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Azər Əmiraslanov hər iki qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra, “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədi bildirib ki, layihəyə əsasən, əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Bu, 2026-cı il üçün proqnozlaşdırılan 4,8 faizlik inflyasiya fonunda ölkə üzrə yaşayış minimumunun 5,3 faiz artımı deməkdir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini, bunun cari ildəki ehtiyac meyarından 5,3 faiz çox olduğunu bildirib.

Azər Əmiraslanov məsələ barədə komitənin müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb.

Sənədi təqdim edən Azər Əmiraslanov ikinci oxunuşdan sonra layihədə müəyyən dəyişikliklərin edildiyini söyləyib. Diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır. Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxilolma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova büdcə zərfinə daxil olan bütün qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib.

İclasda çıxış edən Baş nazir Əli Əsədov deyib ki, 2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. O diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.

Baş nazir bildirib ki, cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1,6 faiz artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır.

Baş nazir çıxışında 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətlərini diqqətə çatdırıb. O qeyd edib ki, makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5,0 faizlik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. Bildirilib ki, ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. 2022-ci ildə ÜDM-in həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025-72 faiz), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək.

Baş nazirin sözlərinə görə, Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi-iqtisadi uğurlar qazandırıb ki, bu uğurların məntiqi zirvəsi hazırda yaşadığımız şanlı Zəfər tarixidir.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov gündəliyin növbəti iki məsələsinin Milli Məclisin 2026-cı il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu bildirib. O, hər iki sənədin büdcə zərfinin müzakirələri zamanı nəzərdən keçirildiyini, bu gün isə bu məsələlərə münasibət bildiriləcəyini söyləyib.

Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəliyin doqquzuncu məsələsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məsələ Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlıdır.

Komitə sədri deyib ki, Aida Hüseyn yüksək peşəkarlığa və uzunmüddətli iş təcrübəsinə malikdir və öz gələcək fəaliyyəti ilə də Naxçıvanda ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə verəcək, həmçinin hüquq sisteminin inkişafına və məhkəmə fəaliyyətinin daha səmərəli təşkilinə ciddi dəstək olacaq.

Sonra təqdim olunan məsələ üzrə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (II səsvermə) olduğunu deyib. O bildirib ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsverməyə qoyulur. Hazırda təqdim olunan Konstitusiya Qanununa müvafiq dəyişiklik altı ay əvvəl birinci səsvermədə qəbul edilib və indi də ikinci səsverməyə çıxarılır.

Əli Hüseynli bu məsələ barədə məlumat verərək bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək.

Konstitusiya Qanununun layihəsi səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, sənəd indicə qəbul edilən Konstitusiya Qanununa uyğunlaşdırma xarakterlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin qalan 5 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. O, layihənin əvvəlki oxunuşlarında ətraflı müzakirə edildiyini və qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O, layihəyə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, deputatlar tərəfindən dəyişikliklərin dəstəkləndiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Gündəliyin 14-cü məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri Əli Hüseynli bildirib ki, layihəyə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verilib, deputatlar tərəfindən dəyişikliklər dəstəklənib. Sənəd dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri qeyd edib ki, qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçmə qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Gündəliyin sonuncu məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli təqdim edib.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

ƏvvəlkiİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
NövbətiİKTA və “ICANN” Azərbaycanda domen adlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə birgə yol xəritəsi hazırlayacaq