İƏT Yaradıcı Həftə Bakı 2025: “CulTech”in yüksəlişi və yeni regional yaradıcılıq ekosistemi

Dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində “CulTech”in (Mədəniyyət sahəsində texnologiya sahəsi) regional inkişafını əhatə edən xüsusi proqram təqdim olunacaq.

“CulTech” mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan innovativ ekosistem modelidir. Proqramın məqsədi regionun yaradıcı gənclərini bir araya gətirərək rəqəmsal həllər, incəsənət və innovasiya vasitəsilə yeni nəsil kreativ məhsulların yaranmasına şərait yaratmaqdır.

Dekabrın 8-də ICESCO ilə birgə keçiriləcək paneldə “CulTech”in regional tətbiqi üçün hazırlanan C-HUB konsepsiyası təqdim olunacaq. C-HUB təlim, hakaton, inkubasiya və scale-up mərhələlərini birləşdirən inkişaf ardıcıllığıdır və İƏT regionunda vahid “CulTech” ekosisteminin qurulmasına xidmət edir. Konsepsiya Yaradıcı Mərkəz və SUP VC tərəfindən birgə hazırlanıb.

Model artıq Azərbaycanda Yaradıcı Mərkəzin rezidentləri üçün uğurla tətbiq edilir. Növbəti mərhələdə isə Özbəkistan, Qazaxıstan, Türkiyə, Malayziya, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də həyata keçirilməsi planlaşdırılır. Yaxın gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində “Rəqəmsal dövrdə İslam mədəniyyəti” adlı panel də baş tutacaq. Azərbaycan, Türkiyə, Mərakeş, BƏƏ və Seneqaldan olan ekspertlər rəqəmsallaşmanın İslam mədəni irsinin qorunmasına təsirini, mədəniyyətin yeni media formatlarında təqdim olunmasını və beynəlxalq fəaliyyət modellərini müzakirə edəcəklər.

Dekabrın 9-da keçiriləcək “Invest2Create” paneli yaradıcı sənayelərdə investisiya imkanlarına həsr olunacaq. Region ölkələrindən investorlar və mütəxəssislər kreativ layihələrin investisiya potensialı, kapital axınlarının artırılması və startapların qlobal bazarlara çıxış imkanları haqqında fikir mübadiləsi aparacaqlar.

Həftənin ən ilhamverici hissələrindən biri “CulTech” məzunlarının TED formatında təqdim ediləcək çıxışları olacaq. Gənclər öz inkişaf hekayələrini, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nəticələri auditoriya ilə bölüşərək yeni nəsillərə motivasiya verəcəklər.

Festival zamanı, həmçinin OAC “Organisation of Artistic Collaboration” tərəfindən “CulTech” startapları və yaradıcı təşəbbüslər nümayiş etdiriləcək. Bu platforma regionlar arasında mədəni və texnoloji əməkdaşlıq üçün yeni imkanlar yaradır.

“CulTech” mədəniyyət, texnologiya və innovasiyanın birləşdiyi, yeni regional kreativ dalğanın formalaşmasına yol açan çağdaş hərəkatdır.

ƏvvəlkiGüzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alınıb
NövbətiQMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb