Bərdədə muğam konserti təqdim edilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin bölgələrə qastrol səfərləri təşkil edilir. Layihə çərçivəsində dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzinin solistləri Bərdə Mədəniyyət Mərkəzində muğam konserti ilə çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhər ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirak etdiyi konsertdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artist, Qarabağ Universitetinin kafedra müdiri Səbuhi İbayev, Qarabağ Universitetinin müəllimi Səbinə Ərəbli, xanəndələr Nisbət Sədrayeva, Elgiz Əliyev, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Aytac Bəybalayeva, Vüsal Qasımov muğam və təsniflər, xalq mahnılarından ibarət zəngin proqramla çıxış ediblər. Xanəndələri Beynəlxalq Muğam Mərkəzinin solistlərindən ibarət instrumental heyət – Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban), Solmaz Rəhimova (qanun) və Nihad Qədirli (bas tar) müşayiət edib. Muğam ifaçılarının rəngarəng çıxışları Bərdə sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin- xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

ƏvvəlkiAzərbaycan paralimpiyaçıları 2025-ci ildə ümumilikdə 61 medal qazanıblar
NövbətiŞəmkirdə 3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Günü qeyd olunub