Argentina CAR-da keçirilən G20 sammitinin birgə bəyannaməsinə imza atmayıb

Argentina hökuməti G20 liderlərinin Yohannesburq sammitində qəbul edilmiş birgə bəyannaməsini imzalamamaq qərarına gəlib.

“Report”un məlumatına görə, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina Yohannesburqda keçirilən G20 sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib”, – bəyanatda deyilir.

Nazirlik bu qərarın konsensus qaydalarının pozulması və mətndə qeyd olunan geosiyasi mülahizələrlə bağlı ciddi fikir ayrılıqlarının olması səbəbindən verildiyini bildirib.

Xüsusilə nazirlik vurğulayıb ki, Argentina Yaxın Şərqdəki münaqişəyə birtərəfli yanaşmadan uzaqdır və bu, Buenos-Ayresə görə regional kontekst və münaqişənin əsas struktur səbəblərini əks etdirmir.

Argentinanı sammitdə xarici işlər naziri Pablo Quirno təmsil edib. Nazir bildirib ki, bəyannamənin bir sıra müddəaları Argentinanı qane etmir və ölkə rəsmi olaraq sənədin bəzi bəndləri ilə razılaşmır.

Yaxın Şərq münaqişəsi ilə yanaşı, müzakirələr iqlim dəyişikliyi, Dayanıqlı İnkişaf Məqsədləri və gender problemlərinin həllinə yanaşmaları da əhatə edir.

ƏvvəlkiLivan Prezidenti: Ordu cənubda nəzarəti ələ almağa hazırdır