Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Rumıniyanın kommunikasiya sahəsi üzrə tənzimləyici milli qurumu ANCOM arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu iki qurum arasında keçirilən işgüzar görüş çərçivəsində imzalanıb.
Memorandum qurumların qarşılıqlı təcrübə və bilik mübadiləsini daha da genişləndirməsini, ortaq layihələr və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov və ANCOM prezidenti Valeriu Zqonea rəhbərlik etdikləri nümayəndə heyətləri ilə iştirak ediblər. Əsas diqqət artıq bir müddət əvvəl Azərbaycan və Rumıniya tənzimləyici qurumları arasında formalaşmış işbirliyi, bu istiqamətdə atılmış addımlar, gələcək planlar və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, radiospektr idarəçiliyi, istehlakçıların hüquqlarının qorunması, rəqəmsal transformasiya və innovativ həllərin tənzimlənməsi kimi ortaq prioritetlərə yönəlib.
Müzakirələrdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda yeni texnologiyaların tənzimlənməsi və idarə olunmasına ehtiyac, bu sahədə öyrənmə prosesində mövcud çətinliklər, eləcə də onların aradan qaldırılması və sürətləndirilməsi üçün təcrübə və bilik mübadiləsinin vacibliyi vurğulanıb. ANCOM Avropa tənzimləyici çərçivəsinə uğurla inteqrasiya edən ən qabaqcıl təcrübəyə malik qurumlardan biridir. İKTA-nın isə son dövrlərdə data əsaslı kameral təhlilləri, intellektual platformalarla genişlənən əməkdaşlığı müxtəlif ölkələrin tənzimləyici qurumlarının maraq dairəsindədir.
Hər iki ölkənin tənzimləyici qurumlarının təcrübə mübadiləsi və beynəlxalq təşkilatlarda əməkdaşlığının genişləndirilməsi istiqamətində addımların atılmasına ehtiyac olduğu da qeyd edilib.
























































