Bu gün Bakının ev sahibliyi etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasları keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyalarda müxtəlif ölkələrin rəqəmsal inkişaf sahəsinə məsul nazirləri, nazir müavinləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Müzakirələr konfransın ümumi mövzusu olan “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” ətrafında aparılıb. Natiqlər öz ölkələrinin İKT siyasətləri, rəqəmsal infrastruktur layihələri və regional əməkdaşlıq strategiyaları barədə məlumat veriblər.
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədi daşıyır. Bu il Azərbaycan MDB regionunda ilk dəfə olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edir.
WTDC-25 konfransında bir sıra ölkələrin rəqəmsal inkişaf və telekommunikasiya sahəsində yüksəkvəzifəli nümayəndələri çıxış ediblər. Tədbirdə çıxış edənlər arasında Ruandanın İnnovasiya və İKT Nazirliyinin daimi katibi İv İradukunda, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Dosjan Musaliyev, Cənubi Koreyanın Elm və İKT Nazirliyinin nazir müavini Dokyu Li, Rusiya Federasiyası rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Qriqori Borisenko, Cənubi Afrika Respublikasının Milli Assambleya üzvü Mondli Qunqbele, Papua Yeni Qvineyanın milli informasiya və kommunikasiya texnologiyaları qurumunun icraçı direktoru Lume Polume, Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Mariyana Kuyundiç və digərləri yer alırlar.
Tədbir iştirakçıları Azərbaycan hökumətinin rəqəmsal transformasiya sahəsində gördüyü işləri yüksək qiymətləndirib və ölkəmizin BMT çərçivəsində təşkil olunan beynəlxalq tədbirə ev sahibliyini uğurla həyata keçirdiyini vurğulayıblar.
Konfrans kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT tətbiqləri, innovasiya və İKT-nin tənzimlənməsi kimi sahələrdə inkişafı müzakirə etmək, layihələri nəzərdən keçirmək üçün unikal imkan yaradır.
Konfrans ümumilikdə 2026-2029-cu illər üçün qlobal rəqəmsal inkişaf gündəliyinin formalaşdırılmasına töhfə verəcək.























































