İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Sonra konfrans işə başlayıb. Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şamaxının inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, Şamaxının tarixi irsinin və fəlsəfi məktəblərin məzmununun araşdırılıb öyrənilməsi və yenidən tətbiqi üçün çox vacib addımlar atılır. Rayon ərazisindəki tarixi abidələr, ziyarətgahlar bərpa olunur. T.Məmmədov vurğulayıb ki, Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, tolerant cəmiyyət qurulub. Ölkəmizin son illərdə atdığı addımlar, ümumilikdə, humanizm nümunəsidir.
Milli Mətbuat Günü münasibətilə media mənsublarına təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən institusional islahatlar mühüm əhəmiyyət daşıyır. Komitə sədri qeyd edib ki, müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, məzhəbçilik üzərindən nifaq salmaq cəhdləri barədə də danışan Ramin Məmmədov bildirib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması həm yeni imkanlar, həm də yeni risklər yaradıb. Bu gün din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur. Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, bəzi dövlətlərin əlində ideoloji silaha çevrilərək müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə olunur.
Komitə sədri vurğulayıb ki, dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur. Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında medianın və dini qurumların qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsinin vacibliyini vurğulayaraq, belə tədbirlərin ictimai dialoqun inkişafına və cəmiyyətdə dini tolerantlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. R.Məcid, həmçinin deyib ki, Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub və indi də jurnalistlərin bu missiyası davam edir.
Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycan mediası son 150 ildə cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayıb. O, 44 günlük Vətən müharibəsində medianın qəhrəmanlığını və dezinformasiyalara qarşı mübarizəsini xüsusi vurğulayıb. Deputat söyləyib ki, Azərbaycan mətbuatı beynəlxalq səviyyədə rəqabətə davamlıdır və yeni çağırışlara cavab verməyə qadirdir. Zəfərdən sonra yaranan yeni reallıqlarla yanaşı, bəzi təhdidlər dini müstəvidə özünü göstərir. Bu səbəbdən, media din sahəsində maarifləndirmədə fəal rol oynamalı, jurnalistlər isə bu istiqamətdə ixtisaslaşmalıdır.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışında bildirib ki, müasir informasiya məkanında ənənəvi media ilə bərabər, sosial media da sürətlə inkişaf edir. Belə bir mühitdə ənənəvi mediadan fərqli olaraq sosial mediada informasiyanın yayılması çox asanlaşıb, hətta sosial şəbəkələr qeyri-dəqiq və yanlış informasiyalarla doludur. Bu reallıq istənilən ölkədə informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Xüsusilə dini etiqad azadlığı sahəsində yayılan məlumatlar bəzən yanlış, təhrif edilmiş və ya məqsədli surətdə yönləndirilmiş ola bilər. Bu isə cəmiyyətin dini dəyərlər sisteminə, gənclərin inanc dünyasına təsirsiz ötüşmür. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir. Medianın bu sahədə rolu təkcə məlumat yaymaqdan ibarət deyil, o, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və cəmiyyətdə dini dözümlülüyün təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.
Sonra konfrans işini “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” panel sessiyaları ilə davam etdirib.
Konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirdə iştirak edən dövlət qurumlarının rəsmilərinə və media nümayəndələrinə minnətdarlığını bildirib.
Sonda media nümayəndələrinə dövlət-din münasibətlərinin işıqlandırılmasında peşəkar yanaşmaya və səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim olunub. Təltif olunanlar arasında AZƏRTAC da var.
Qeyd edək ki, konfrans çərçivəsində iyulun 16-da iştirakçılar üçün Şamaxıda dini ibadətgahlara mediatur təşkil olunacaq.