Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 5-də axşam “Marxal” kompleksinin Yay Teatrında Cahangir Cahangirov adına Xor kollektivinin konserti olub.
Konsertin əvvəlində xor kollektivinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, unudulmaz bəstəkar, dirijor və Xalq artisti Cahangir Cahangirovun adını daşıyan Xor Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən peşəkar kollektivdir. Bəstəkarın zəngin yaradıcılıq irsi, xüsusilə xor musiqisinin inkişafında göstərdiyi xidmətlər kollektivin formalaşmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəylinin sevimli tələbəsi olan C.Cahangirovun istedadı dahi sənətkarın diqqətindən yayınmayıb. O, 1936-cı ildə yaratdığı xor kollektivinə C.Cahangirovu dəvət edib. Xor musiqisinə xüsusi maraq göstərən C.Cahangirov bu sənəti inkişaf etdirmək üçün xor janrında dəyərli əsərlər yazır və repertuarı zənginləşdirir. 1948-ci ildə isə bu kollektivə unudulmaz bəstəkar Ramiz Mustafayev dəvət olunur. O, əvvəlcə xormeyster, sonra baş redaktor və uzun müddət, 2008-ci ilə qədər həmin xorun bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərib. Həmin il bu kollektivə C.Cahangirovun adı verilib.
2023-cü ilin noyabrında Əməkdar müəllim Təranə Yusifova xorun bədii rəhbəri və dirijoru vəzifəsinə təyin olunub. Həmin vaxtdan xor Mədəniyyət Nazirliyinin tabeçiliyində, Beynəlxalq Muğam Mərkəzinin balansında fəaliyyət göstərir.
Kollektivin əsas məqsədi Azərbaycan xalq musiqisi, klassik və muğam janrlarında yazılmış əsərlərin xorun ifasında təqdim olunması, milli musiqi nümunələrinin daha geniş auditoriyaya çatdırılması və gənc nəslin musiqi zövqünün formalaşdırılmasıdır. Kollektivin repertuarına milli və xarici bəstəkarların xor üçün yazılmış əsərləri, eləcə də caz, pop janrında xor üçün musiqi, həmçinin xalq mahnıları, muğam parçaları və müasir kompozisiyalar daxildir. Xor kollektivi Azərbaycan mədəniyyətinin təbliğində, xalq musiqisinin yaşadılmasında və dünya miqyasında təqdim olunmasında mühüm rol oynayır.
Konsert Xorun ifasında “Leyli və Məcnun” operası əsasında kompozisiya ilə başlayıb. Əsər Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında hazırlanıb. Solistlər Zeynəb Nəcəfova (Leyli), Rəvan Qaçayev (Məcnun), Orxan Nur (Leylinin atası) və Zeynalabdin Kərimovdur (Məcnunun atası).
Kollektivin təqdim etdiyi “Sevgili canan”, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları əsasında kompozisiya, “Bəri bax”, “Aman nənə”, “Çırpınırdı Qara dəniz” və digər bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.