“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı hazırladığı “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli filmi və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” videoçarxı nümayiş olunub.
Daha sonra tədbirin moderatoru Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının və Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyəti barədə videoçarxı təqdim edib.
Forumda çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, Almaniyada yaşayan azərbaycanlıların birliyini müşahidə edirlər. “Bizim hər birimizin vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dürüst şəkildə yerli ictimaiyyətə çatdırılmasıdır. Almaniyadakı Azərbaycan diasporu xüsusi fəallığı ilə seçilir və mühüm işlər görür. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsi və gücləndirilməsi zəruridir”, – deyə diplomat vurğulayıb.
Tədbir dünya azərbaycanlılarının və Azərbaycan diaspor təşkilatlarının müxtəlif ölkələrdə fəaliyyətinə dair məlumat xarakterli videoçarxın nümayişi ilə davam edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib və forumun işinə uğurlar arzulayıb. O, bu il Vətənimizdə və xarici ölkələrdə 100 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil almasına xüsusi diqqət yetirdiyini xatırladıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayan komitə sədri forumun işini və Almaniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan icmasının yerli cəmiyyətə, ictimai-siyasi dairələrə təsir imkanının artırılması istiqamətində gücə və potensiala malik olduğunu diqqətə çatdırıb.
“Ümid edirəm ki, bu Forum xaricdə çalışan azərbaycanlı həkimlərlə ölkəmizin bu sahədə fəaliyyət göstərən qurumları arasında daha sıx əlaqələrin qurulmasına və xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafında görülən işlərə töhfə verməsinə kömək edəcək. İnanıram ki, hər biriniz milli-mənəvi və dövlətçilik dəyərlərimizi də layiqincə təmsil etmək üçün əməyinizi əsirgəməyəcəksiniz”, – deyə Komitə sədri söyləyib.
Sonra Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin forum iştirakçılarına müraciəti təqdim edilib. Forumun işinə uğurlar arzulayan nazir ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə geniş məlumat verib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova çıxışında bildirib ki, Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər getdikcə artır və bu, ölkə vətəndaşlarının sağlamlığının daha yüksək səviyyədə qorunmasına ciddi təsir göstərir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərir. O, Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupunun da bu niyyətdə olduğunu qeyd edib. Azərbaycanda səhiyyənin yeni dövrün tələblərinə uyğun inkişaf etdirildiyi, Qarabağa köçən Azərbaycan vətəndaşlarına səhiyyə xidmətinin göstərildiyi vurğulanıb.
Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev çıxışında Almaniyadakı Azərbaycan icmasının uzun illik fəaliyyəti barədə məlumat verib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci il mayın 5-də Köln şəhərində təşkil edilib.