Özbəkistan səfiri: İki dövlətin liderləri arasında danışıqlar Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verib

Azərbaycanla münasibətlərin inkişafı Özbəkistanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Özbəkistan Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir, bunun sübutu olaraq siyasi, ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəsini göstərmək olar. Bu gün Özbəkistan-Azərbaycan münasibətləri iki tərəfdaş və dost arasında olan münasibətlərdir. Bu barədə AZƏRTAC-a müsahibəsində Özbəkistanın Azərbaycanda səfiri Bahrom Aşrafxanov bildirib.

-Cənab səfir, son zamanlar Bakı və Daşkənd arasında münasibətlər sürətlə inkişaf edir. İkitərəfli iqtisadi əlaqələrin dərinləşməsinin əsas hərəkətverici qüvvələri hansılardır?

-Son illər iki ölkə arasında münasibətlər sanballı inkişaf impulsu qazanıb, strateji dərinliyə malikdir, qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri açılıb. Bu kontekstdə diqqətinizi böyük qürur hissi ilə ən yüksək və yüksək səviyyələrdə təmaslara çəkmək istəyirəm. Beləliklə, 2022-ci ildə Azərbaycanın hörmətli Prezidenti İlham Əliyev üç dəfə Özbəkistana səfər edib. Cari ilin martında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanda səfərdə olub.

Bu səfərlər çərçivəsində liderlərimizin apardıqları danışıqlar Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verib, qarşılıqlı etimad, hörmət və dəstək əsasında formalaşan münasibətləri daha da möhkəmləndirib. Bu kontekstdə iqtisadi əməkdaşlığı xüsusi olaraq vurğulamaq yerinə düşər. Xüsusən, tərəflər ticari-iqtisadi mübadilənin gücləndirilməsi üzrə razılıq əldə ediblər və perspektivli neft-qaz birgə layihələrinin, həmçinin neft-kimya sahələrində energetika, əczaçılıq, tikinti materiallarının istehsalı, şərabçılıq, qida, tekstil məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə əməkdaşlıq edəcəklər.

Qeyd etmək lazımdır ki, razılaşmaların praktiki reallaşdırılması nöqteyi-nəzərindən mühüm olan investisiya fondunun yaradılması qərara alınıb. Bu fond əməkdaşlıq üzrə perspektivli layihələri, həmçinin Daşkənddə regionlar üzrə birinci forumun keçirilməsini dəstəkləyəcək. Həmin forum iki ölkənin iri şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına geniş imkanlar yaradır.

Yuxarıda sadalanan aspektlərlə yanaşı, əməkdaşlığın hərəkətverici qüvvəsi qismində əməkdaşlıq üzrə hökumətlərarası Birgə Komissiyanın fəaliyyətini ehtiva edən institusional baza da çıxış edir. Bu günədək komissiyanın 11 iclası keçirilib. Bununla yanaşı, Biznes Şurasının xətti ilə tərəflər üç görüş keçirib, həmçinin Bakıda qarşılıqlı fəaliyyətin yeni forması kimi “Made in Uzbekistan” beynəlxalq sənaye sərgisi, sənaye əməkdaşlığı üzrə tədbir təşkil olunub.

Onu da qeyd etmək zəruridir ki, 2022-ci il qarşılıqlı fəaliyyətin yeni formatının meydana gəlməsi ilə əlamətdar olub. Bu kontekstdə Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşünü göstərmək olar. Həmin formatda avqustun 2-də Daşkənddə keçirilən birinci görüşün yekunlarına görə, ölkələrimiz iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə sıx əməkdaşlığın inkişafına yönəlmiş kompleks addımlar atılmasına dair razılıq əldə ediblər.

Təkcə son 5 ildə göstərilən birgə səylər nəticəsində Özbəkistan və Azərbaycan arasında əmtəə dövriyyəsi 10 dəfə – 2016-cı ildə 17,1 milyon dollardan 2022-ci ildə 181,7 milyon dollara qalxıb. Bu müsbət tendensiya nəinki qorunub saxlanılıb, həm də 2023-cü ildə daha da güclənib. Cari ilin 2 ayı ərzində qarşılıqlı ticarətin həcmi 136,8 faiz artıb ki, bu da əmtəə dövriyyəsi həcmini 25 milyon dollardan da artıq səviyyəyə çatdırmağa imkan verib.

Son illər birgə müəssisələrin sayı da dəfələrlə artıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 240-dan çox müəssisə fəaliyyət göstərir. Onların əsas fəaliyyət sferaları ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak əməliyyatları, energetika, xidmətlər, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sektoru, yüngül sənaye və əczaçılıqdır.

Öz növbəsində, Azərbaycanda 53 özbək kompaniyası fəaliyyət göstərir. Onların iştirakı ilə Azərbaycanda çoxsaylı layihələr həyata keçirilir. Bununla yanaşı, Daşkənd və Bakı yeni əməkdaşlıq sferaları, o cümlədən kooperasiya əlaqələrinin genişləndirilməsi, əvvəllər olmayan energetika, nəqliyyat, kommunikasiya, maşınqayırma, elektrotexnika, tikinti materiallarının istehsalı, tekstil və qida sənayesi sahələrinin mənimsənilməsini həyata keçirir. Azərbaycanda özbək avtomobilləri və avtobuslarının birgə istehsalına başlanılması bunun uğurlu nümunəsidir.

Kənd təsərrüfatı sahəsində, xüsusən toxumçuluq üzrə əməkdaşlığın əsası qoyulub. Azərbaycan özbək pambıq toxumunun bir sıra sortlarının becərilməsi üzrə sınaqlar aparır. Özbəkistan, öz növbəsində, fındığın yüksəkməhsullu sortlarının əkilməsi üzrə Azərbaycanın təcrübəsini tətbiq edir.

Bununla yanaşı, Azərbaycanda pambıq emalı zavodunun tikilməsi planlaşdırılır. Bu müəssisə “Pahtamash” kompaniyasının istehsal etdiyi yüksək və ən yeni pambıqtəmizləmə sistemləri üzrə özbək texnologiyaları ilə təchiz ediləcək.

Özbəkistanın dünyada üçüncü ən iri ipək xammalı istehsalçısı olduğunu nəzərə alaraq, Azərbaycanın Bərdə şəhərində ipək istehsalı üzrə müəssisənin açılmasında fəal işimiz heç də təəccüblü deyil.

Xatırlatmaq yerinə düşər ki, bu sahədə artıq əməkdaşlığın müsbət nümunəsi mövcuddur. Belə ki, “Uzbekipaksanoat” assosiasiyasının mütəxəssislərinin dəstəyi ilə Azərbaycanda ildə 150-200 ton ipək xammalı istehsal edə biləcək “Şəki-İpək” müəssisəsinin bərpa olunması həyata keçirilir.

Lakin ikitərəfli iqtisadi əməkdaşlığın yüksək dinamikası üzrə əldə olunmuş uğurlar qarşılıqlı fəaliyyətin real potensialına tam şəkildə cavab vermir. Bu gün mövcud olan ehtiyatlardan tam istifadə olunması üçün bütün imkanlar mövcuddur. Xüsusən, iki ölkə mineral-xammal bazası, sənaye üstünlükləri, infrastruktur imkanları, xarici tərəfdaşlarla işləmək üçün dayanıqlı şaxələndirilmiş böyük iqtisadi imkanlara malikdir. Bütün bunlar ticari-iqtisadi əməkdaşlıq və investisiya mübadiləsi üçün gözəl gələcəyə nail olmaqda əlavə imkanlar və inam yaradır.

-Hazırda Özbəkistan mühüm siyasi hadisəyə – Konstitusiya referendumuna hazırlaşır. Zəhmət olmasa, ölkənin Əsas Qanununun ümumxalq səsverməsi zamanı nəzərdə tutulan yeni müddəalarını şərh edərdiniz.

-Siz haqlı olaraq qeyd etdiniz ki, bütün Özbəkistan bu mühüm hadisəyə hazırlaşır. Belə ki, yenilənmiş Konstitusiya layihəsi həqiqətən əsl xalq qanunu olacaq. Bu, çox mühüm dəqiqləşdirmə onunla bağlıdır ki, Konstitusiyada yeniliklərin əsasında Özbəkistanın 222 mindən çox vətəndaşından daxil olmuş çoxsaylı təkliflər var. Bununla bağlı ümumxalq müzakirəsi də keçirilib.

Təsəvvür edə bilərsinizmi, Konstitusiya layihəsinin hazırlanmasında maraqlı olan dar çərçivədə şəxslər və ya siyasi institutlar deyil, bilavasitə vətəndaşlar özləri iştirak ediblər? Bu, həqiqətən də belədir. Hər bir vətəndaş üçün Konstitusiyaya dəyişikliklər və əlavələr haqqında öz təkliflərini göndərmək imkanı yaradılıb və çoxsaylı özbəkistanlılar bundan istifadə edirlər. Bu səbəbdən yeni Konstitusiya layihəsinin müəllifini bizim dövlətimizdə hakimiyyətin mənbəyi olan Özbəkistan xalqı olduğunu əminliklə söyləmək olar.

Yenilənmiş Konstitusiya cəmiyyəti yeni Özbəkistan – yeni dövlətin qurulması ətrafında birləşdirir, bu zaman əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınır. Məhz bu səbəbdən bütün Özbəkistan üzrə ölkə vətəndaşları və vətəndaş cəmiyyətləri institutları yeni Konstitusiya normalarının və mahiyyətinin izah edilməsinə, həmçinin yenilənmiş Əsas Qanunun qəbulunun dəstəklənməsinə istiqamətlənmiş təşviqat tədbirləri keçirirlər.

Yeni Konstitusiya layihəsi məzmun və yeni normalar, ilk növbədə, insan hüquqları və azadlıqları müddəalarına aid olan maddələr nöqteyi-nəzərindən keyfiyyətcə mühüm qanundur. Əsas Qanun 65 faiz yenilənir. Ümumilikdə, maddələrin sayı 128-dən 155-ə, normalar isə 275-dən 434-ə çatdırılıb.

Yeniliklərə gəldikdə, Əsas Qanunda preambulanın keyfiyyətcə yeni əlavələrə məruz qaldığını, onun qəbulunun məqsəd və səbəblərinin təzə variantda izahını göstərmək olar. Qanun layihəsində, həmçinin müstəqilliyin qorunması və gələcəkdə möhkəmləndirilməsi, gələcək nəsillərə azad ölkənin miras qoyulması, xalqın maraqları naminə islahatlar yoluna davam edilməsi, qanunun aliliyinin və ədalətin, insanlara diqqət və qayğının təmin edilməsi kimi mühüm dəyərlər təsbit olunub.

Möhkəm hüquqi əsasın və ölkənin inkişafının uzunmüddətli və etibarlı təminatının, xalqın gələcək rifahının güclənməsinin təminatı olan qanun layihəsində Özbəkistanın “suveren, demokratik, hüquqi və sosial dövlət” olduğu təsbit edilib. Bu prinsiplər dəyişdirilə bilməz. Burada bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm ki, Konstitusiyada təsbit olunmuş dövlətin sosial modeli Özbəkistanın sosial siyasətinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını nəzərdə tutur. Beləliklə, dövlət yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi və işsizlikdən qorunmaq üzrə öz üzərinə bir sıra yeni öhdəliklər götürür. Ümumilikdə, dövlətin sosial öhdəliklərini ehtiva edən normalar 3 dəfə artırılır.

Yeni Konstitusiyada insan hüquq və azadlıqları əhəmiyyətli dərəcədə artırılır, Əsas Qanuna ekoloji hüquqlar, sağlamlığın qorunması, gender bərabərliyi, sərbəst hərəkət, yaşayış yerinin sərbəst şəkildə seçilməsi, ölkədən maneəsiz çıxış və qayıdış kimi müddəalar əlavə edilir. Buraya, həmçinin internet şəbəkəsindən istifadə, şəxsi məlumatların qorunması, ali təhsil, ödənişsiz hüquq xidməti, dövlət xidmətinə qəbul zamanı bərabərlik, mənzil sahəsinə malik olmaq və ondan məhrum olduqda təzminat, bank əməliyyatları zamanı və hesabların açılmasında məxfilik, qanunverici təkliflərin edilməsi hüquqları da aiddir.

Bununla yanaşı, əmək şəraitinin yaxşılaşdırılması, əməyə görə ədalətli əməkhaqqı alınması, istirahət, dövlət hesabına təminatlı səhiyyə xidmətinin əldə edilməsi, şəhərsalma sferasında ictimai nəzarətin həyata keçirilməsi və büdcənin tərtibi üzrə hüquqlar da təsbit edilib. Şübhəsiz ki, bütün bunlar gələcəkdə vətəndaşların iqtisadi və sosial müdafiəsinin möhkəmlənməsinə şərait yaradır.

Konstitusiyada “insan ləyaqəti naminə” prinsipi başlıca meyar olacaq. Bu, həmçinin digər qanunlarda və dövlət orqanlarının fəaliyyətində də rəhbər tutulacaq. Bu səbəbdən Konstitusiya layihəsi müəyyən edir ki, insan ləyaqəti və şərəfi toxunulmazdır, heç nə onların pozulması üçün əsas ola bilməz.

Dövlətin ali vəzifəsi insan hüquqları və azadlıqlarının təmin edilməsindən ibarətdir. Konstitusiyada birbaşa fəaliyyət normalarının sayını genişləndirəcək “Xabeas korpus” institutu və “Miranda qaydaları” təsbit ediləcək.

Yenilənmiş Konstitusiyada azad bazar iqtisadiyyatının həqiqi rıçaqlarının formalaşmasının möhkəm əsası yaradılır. Bu zaman sahibkarlıq fəaliyyətinə gücləndirilmiş təminat veriləcək, bazar münasibətlərinin inkişafı, ədalətli rəqabət şəraitinin yaradılması, əlverişli investisiya və biznes mühitinin təmini, ədalətli vergiqoymanın tətbiqi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması üçün şərtlər müəyyən ediləcək.

Yeni Konstitusiyada daha bir mühüm yenilik KİV-lərin azad fəaliyyətinin təmin edilməsi, onların informasiya axtarmaq, əldə etmək, istifadə etmək və yaymaq hüququdur. Xalqın səsinin və rəyinin geniş ictimaiyyətə və dövlət orqanlarına çatdırılması üzrə fəaliyyət göstərən KİV-lərin və jurnalistlərin fəaliyyətinə əngəl törədilməsi və ya müdaxilə edilməsi məsuliyyət üçün səbəb olacaq ki, bu da söz və informasiya azadlığını artıracaq.

Bizim Əsas Qanuna ilk dəfə vətəndaş cəmiyyəti institutları haqqında ayrıca fəsil əlavə edilir. Bu, dövlət və cəmiyyət arasında dialoqun möhkəmlənməsində, güclü ictimai nəzarətin həyata keçirilməsində, şəffaflıq mühitinin formalaşmasında və cəmiyyətdə qanunçuluğa əməl edilməsində mühüm amil olacaq.

Əlbəttə, bütün bunlar Özbəkistan Konstitusiyasına təklif olunmuş yeniliklərin ancaq kiçik bir hissəsidir. Bundan başqa, Əsas Qanunun layihəsinə xalqa səmərəli, kompakt xidməti həyata keçirən dövlət idarəçiliyi, parlamentarizmin möhkəmlənməsi, Oliy Məclisin məhkəmə-nəzarət və hüquq-mühafizə orqanları, həmçinin xüsusi xidmət üzərində nəzarət funksiyalarını gücləndirəcək, məhkəmə hakimiyyətinin əsl müstəqilliyin təmin edəcək, bu sistemin səmərəliliyini artıracaq normaların əlavə olunması təklif edilib.

-Yeni Konstitusiyanın qəbulu Özbəkistanın xarici siyasətinə necə təsir edəcək?

-Hesab edirəm ki, yenilənmiş Konstitusiyanın qəbulu ölkəmizin 2016-cı ildə Şavkat Mirziyoyevin Prezident seçilməsindən sonrakı müddətdə rəhbər tutduğu xarici siyasət prinsiplərini təsbit edəcək.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Konstitusiyanın özbək xalqının məqsəd və motivlərinin əks olunduğu preambulasında deyilir: Əsas Qanunun qəbulu zamanı özbəkistanlılar “dünya ictimaiyyəti, hər şeydən əvvəl qonşu dövlətlərlə dost münasibətlərin möhkəmlənməsinə və inkişafına çalışır”. Bununla yanaşı, Konstitusiyanın IV fəsli keyfiyyətcə yeni dəyişikliyə məruz qalır. Buraya Özbəkistanın xarici siyasətinin prinsipləri və perspektivləri daxildir. Belə ki, həmin fəslə “Özbəkistan sülhsevər xarici siyasət aparır, bu siyasət dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərin hərtərəfli inkişafına yönəlib” tezisi əlavə edilib.

Əsas Qanuna bu mühüm və prinsipial maddənin əlavə edilməsi təsadüfi deyil və bir çox hallarda dünya nizamının davam edən dəyişməsi, aparıcı dövlətlər arasında etimadsızlığın artması, beynəlxalq siyasətdə militarizasiya, dünyanın iqtisadi və mədəni motivlərlə deyil, hərbi-siyasi maraqlar üzrə qütbləşməsi tendensiyası ilə əlaqədardır. Prezident Şavkat Mirziyoyevin ötən il ŞƏT-in Səmərqənddə keçirilən sammitində söylədiyi kimi “bəşəriyyət tarixi qırılma dövründədir, indi bir epoxa başa çatır və naməlum, heç kimin proqnozlaşdıra bilmədiyi digəri başlayır”. Demək istəyirəm ki, Özbəkistan gələcək nəsillər naminə dövlətin xarici siyasət prinsiplərini qorumalıdır. Bu siyasət mehriban qonşuluq, sülhsevərlik, qarşılıqlı yardım və ölkəmizin uzunmüddətli milli maraqlarını əks etdirən digər prinsiplərə əsaslanır.

Məhz sülhsevərlik və barışıq prinsipləri gələcəkdə Özbəkistanın xarici siyasətinin əsasını təşkil edəcək, çünki bu, Mərkəzi Asiyada tamamilə yeni və keyfiyyətli etimad və əməkdaşlıq mühitinin yaradılmasında öz nəticələrini verib. Bu nəticələr regionda yaşayan xalqlar arasında çoxəsrlik qohumluq, mehriban qonşuluq və hörmət ənənələrinə əsaslanır.

Qeyd etmək istərdim ki, Mərkəzi Asiyada dəyişikliklərin nəticəsi regiondaxili məsələlər üzrə dövlətlər arasında razılaşdırılmış mövqelərin formalaşması və beynəlxalq platformalarda – BMT, MDB, ŞƏT, İƏT və digər təşkilatlarda sıx koordinasiyadan ibarətdir. Bundan başqa, region ölkələri aparıcı dövlətlərlə ortaq mövqe hazırlayıb və onlarla münasibətləri nizama salıb. Bu məsələlər “Mərkəzi Asiya plyus” dialoq formatı çərçivəsində güc mərkəzləri olan Avropa İttifaqı, Hindistan, Çin, Rusiya, ABŞ, Cənubi Koreya, Yaponiya, Körfəzin ərəb dövlətləri ilə həyata keçirilib.

Şübhəsiz ki, Özbəkistanın yuxarıda sadalanan prosesdə rolu birinci dərəcəli əhəmiyyətə malikdir və çoxsaylı xarici ekspertlər tərəfindən də qeyd edildiyi kimi heç bir şübhəyə gəlmir.

Özbəkistan Konstitusiyasında təsbit edilmiş sülhsevər xarici siyasət haqqında tezis prinsipial dəyişiklik kimi qiymətləndirilməlidir. O, təkcə dövlətin böyük məsuliyyəti və yetkinliyini deyil, həm də bütün xarici siyasət tərəfdaşları ilə əməkdaşlığın inkişafı perspektivlərinin başa düşülməsini nəzərdə tutur. Əvvəl də qeyd etdiyim kimi, Azərbaycan burada xüsusi yerə malikdir.

-Özbəkistanın Bakıdakı səfirliyində referenduma hazırlıq işləri necə aparılır?

-Bu suala cavab verməzdən əvvəl vurğulamaq istəyirəm ki, son illər Özbəkistan rəhbərliyi xaricdə yaşayan respublika vətəndaşlarına böyük diqqətlə yanaşır, onların öz Konstitusiya hüquqlarından istifadə etməsi, vətəndə baş verən bütün seçki proseslərində iştirakı təmin edilir. Bu məsuliyyətli vəzifənin reallaşması çərçivəsində Özbəkistanın diplomatik və konsul xidmətlərinin bazasında seçki məntəqələri yaradılır, soydaşlarımız səsvermədə iştirak edir.

Bu zaman hər seçkidə məntəqələrin sayı artır, onlar xarici dövlətlərdə yaşayan daha çox Özbəkistan vətəndaşını əhatə edir. Beləliklə, əgər 2021-ci ilin oktyabrında keçirilmiş Özbəkistan Prezidentinin seçkilərində 54 xarici seçki məntəqəsi var idisə, qarşıdakı referendumda onların sayı 55-ə çatacaq.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının qərarına uyğun olaraq, bizim Bakıdakı səfirliyimizdə ənənəvi olaraq 27 saylı seçki məntəqəsi açılacaq. Burada Azərbaycanda yaşayan soydaşlarımız vətənin gələcəyini müəyyən edə biləcək, yeni Konstitusiyanın “lehinə” və ya “əleyhinə” səs verəcəklər.

Bu gün biz seçki məntəqəsinin tərkibini formalaşdırdıq və təsdiq etdik. Buraya səfirliyin diplomatları ilə yanaşı Bakıda yaşayan bəzi soydaşlarımız da daxil edilib. Məntəqə komissiyası konsul qeydiyyatı məlumatları əsasında Azərbaycanda olan seçicilərin siyahısının tərtibi üzrə işi davam etdirir. Bu proses davam etdiyi üçün mən seçicilərin dəqiq sayını deyə bilmərəm. Lakin referendum gününə yaxın iş başa çatacaq və səfirlikdə, yəni seçki məntəqəsində qeydə alınmış seçicilərin siyahısı asılacaq.

Vurğulamaq istəyirəm ki, seçicilərin qeydiyyat prosesinin başa çatması siyahıda olmayan vətəndaşların səsvermədə iştirak edə bilməyəcəyi anlamına gəlmir. Bu gün Özbəkistan və Azərbaycan arasında fəal turist mübadiləsini və hər gün Bakıya çoxsaylı Özbəkistan vətəndaşlarının gəldiyini nəzərə aldıqda deyə bilərik ki, aprelin 30-na qədər onlar da səfirliyə gələ və səsvermədə iştirak edə bilərlər. Onların Konstitusiya hüququnu təmin etmək məqsədilə əlavə seçici siyahıları hazırlanacaq və bu vətəndaşlarımız seçici kimi səsvermədə iştirak edə biləcəklər. Özbəkistanda yerləşən seçki komissiyaları da bununla bağlı məlumatlandıracaq.

Hüquqi biliklərin və bütövlükdə Özbəkistan vətəndaşlarının məlumatlandırılmasının artırılması çərçivəsində Azərbaycanda yaşayan vətəndaşlarımız mart və aprel aylarında səfirliyin diplomatları tərəfindən qəbul ediləcəklər. Bu görüşlər Bakı, Gəncə, Xaçmaz və Qubada keçiriləcək. Onların diqqətinə Özbəkistanda referenduma hazırlıq prosesi barədə məlumatlar çatdırılacaq, Əsas Qanuna ediləcək dəyişikliklərin və əlavələrin mahiyyəti və əhəmiyyəti izah ediləcək. Bu maarifləndirici iş davam edir və bütün vətəndaşlarımız həm səsvermə prosesi, həm də Konstitusiyaya təklif olunan bütün dəyişikliklər barədə səfirlikdə məlumatlar əldə edə bilərlər.

Soydaşlarımızın Özbəkistanın siyasi həyatında fəal iştirakını nəzərə alaraq, biz qarşıdakı referendumda onların aktiv iştirakını gözləyirik.

Əvvəlkiİranda edamların sayı artıb
NövbətiAzərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub