Bakı dəmir yolu xəstəxanasında aksiya keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,82 uşaq pulsuz müayinə olunub. 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı dəmir yolu xəstəxanasında aksiya keçirilib. Baş həkim Laçın İmanov, baş həkimin müavini Xuraman Bağırova və Diaqnostika şöbəsinin müdiri Adilə Rzayevanın rəhbərliyi ilə 82 uşaq pulsuz müayinə olunub. Həkim pediatrlar Aytəkin İbrahimova, Samirə Məmmədzadə və Sevil Əzizovanın nəzarəti altında uşaqlar ultrasəs, exo kardioqramma, elektro kardioqramma, flüoqrafiya, elektro ensefoloqramma, exo ensefoloqramma və laborator müayinədən keçirilib.

Baxışa gətirilən uşaqlar arasında 2 aylıq körpələr və yeniyetmələr olub. Pulsuz aksiyadan bölgələrdən gələnlər də  yararlanıb.

Müayinələr bitdikdən sonra xəstəxananın ərazisində şou-proqram təşkil olunub. Uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə edilib.

Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı dəmir yolu xəstəxanasında bayrama rəng qatan daha bir hadisə baş verib. Həmin gün xəstəxanada 3-ü qız, 1-i oğlan olmaqla, 4 uşaq dünyaya gəlib.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan daha bir tədbir Biləcəridəki Mərkəzi Dəmir yolu xəstəxanasında keçirilib.

Tədbirdə həmin xəstəxanada dünyaya gələn 3 uşağa doğum haqqında şəhadətnamə verilib.

ƏvvəlkiAbşeronda minik və yük avtomobili toqquşub, ölən var
NövbətiErmənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub