2020-ci ildə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək

2020-ci ildə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək.

Trend-in məlumatına görə, bunu Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

T.Mustafayev qeyd edib ki, 400 nəfərin çalışdığı müəssisənin istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılması hədəf götürülüb: “Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17 500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək”.

Firma direktoru bildirib ki, ilin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılacaq: “2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq”.