20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Hər il Qanlı Yanvar faciəsinin ildönümlərində Gəncliyə Yardım Fondu və “20 Yanvar” İctimai Birliyi ənənəvi olaraq faciə qurbanlarının ailə üzvləri ilə görüşlər keçirilir, onlara yardımlar göstərir.

AZƏRTAC xəbər verir ki, faciənin 29-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Fondun və İctimai Birliyin təşkilatçılığı ilə faciə qurbanlarının ailə üzvləri ilə görüş keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, dövlət və hökumət rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı rəsm sərgisi ilə tanış olublar.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim anım mərasimində çıxış edərək 20 Yanvar şəhidlərinin Azərbaycanın qəhrəmanlıq salnaməsində şanlı səhifə açdıqlarını və qanları ilə tarix yazdıqlarını diqqətə çatdırıb. O, faciədən 29 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib.

Prezident Administrasiyası ictimai–siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli yer tutduğunu vurğulayıb. Qeyd edib ki, xalqımızın vətənpərvər övladları ölümün gözünə dik baxaraq, sovet ordusunun hərbi birləşmələrinə qarşı əliyalın sinə gərməklə Azərbaycanın müstəqilliyinə yol açdılar. 20 Yanvar faciəsi bu baxımdan Azərbaycan müstəqillik mübarizəsinin şanlı səhifəsini təşkil edir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatları Fazil Mustafa və Qənirə Paşayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərli, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə çıxışlarında 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib, gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıblar. Çıxış edənlər bu qanlı faciənin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd ediblər.

Tədbirdə vurğulanıb ki, 1994-cü ildən etibarən hər il Gəncliyə Yardım Fondu 20 Yanvar ərəfəsində faciə qurbanlarının ailələrinə ərzaq yardımı göstərir, az da olsa onların dərdinə şərik olmağa çalışır. Bu yardımlar “20 Yanvar” İctimai Birliyinin təqdim etdiyi siyahılar əsasında şəxsən təqdim olunur.

Görüşün sonunda 180 şəhid ailəsinə ərzaq yardımı paylanılıb.