2 saylı DOST mərkəzində il ərzində 70 mindən artıq vətəndaşa xidmət göstəriləcək

Yeni açılan 2 saylı DOST mərkəzi vətəndaşlara “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərir. Mərkəz qısa müddət ərzində artıq 200-dən çox vətəndaşa xidmət edib.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı DOST mərkəzi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir. Əlilliyi olan şəxslər üçün hər cür xidmət şəraiti olan mərkəz Xəzər rayonu ilə yanaşı, Pirallahı rayonunun sakinlərinə də xidmət göstərəcək. Vətəndaşlar yeni fəaliyyətə başlayan mərkəzin işindən olduqca razıdırlar.

Mərkəzdə ümumilikdə vətəndaşlara 115 birbaşa funksional, 17 isə yardımçı xidmət təqdim olunur. “Gənc DOST” proqramı üzrə isə mərkəzdə 40 könüllü çalışır. Burada il ərzində 70 mindən artıq vətəndaşa xidmət göstəriləcək.

Onu da qeyd edək ki, bu il daha 7 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur və yeni mərkəzlər paytaxtla yanaşı, regionları da əhatə edəcək.