18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib

“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans çərçivəsində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi beynəlxalq və yerli ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Ağdamda və Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfransda Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tərəfindən beynəlxalq və yerli ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü bu ilin martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib.

18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.