Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.

Bildirilib ki, R.T.Ərdoğan və Y.Stoltenberq İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün müraciətləri mövzusunu müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün addımların atılmasının zəruriliyini qeyd edərək, Ankaranın bu məsələ ilə bağlı mövqeyini bir daha ifadə edib.

“İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesində irəliləyiş Ankaranın narahatlıqlarını aradan qaldırmaq üçün praktiki addımlar və Skandinaviya ölkələrinin terrorizmlə mübarizə və müdafiə-sənaye əməkdaşlığına yanaşmaları paradiqmasını nəzərdən keçirməsi ilə bağlı yazılı öhdəliklər olmadan mümkün deyil”, – deyə Türkiyə prezidenti qeyd edib.