Əli İnsanov xəyanətkar əməlləri ilə humanist qərarlara kölgə salmağa çalışır

Xalqımızın əziz bayramı – Novruz ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev 431 nəfər məhkumun bağışlanması ilə bağlı sərəncamı sayəsində ümummilli byramımız yüzlərlə ailənin evində ikiqat sevinclə qeyd olundu. Kimliyindən, siyasi düşüncəsindən, törətdiyi cinayətdən asılı olmayaraq ölkə Prezidentinin humanist qərarı ilə yenidən öz azadlıqlarına qovuşan şəxslər əməllərindən peşimançılıq hissi keçirdiklərini, özlərini həyatda bir daha sınamaq üçün onlara verilən şansa görə ölkə Başçısına minnətdarlıqlarını bildirdilər. Sərəncama əsasən azadlığa buraxılan şəxslər arasında yer alan keçmiş səhiyyə naziri Əli İnsanovdan başqa.

Əli İnsanov ona göstərilən yüksək etimaddan, vəzifə səlahiyyətlərindən sui istifadə edərək dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, azadlıqdan məhrum edildiyini unutdu. Bu şəxs törətdiyi əməldən peşiman olmaq əvəzinə yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edərək, absurd iddialar səsləndirdi,  mətbuata şər və böhtan dolu müsahibələr verdi. Onun azadlıq fərmanını imzalayan Prezident İlham Əliyevə deyil, beynəlxalq təşkilatlara təşəkkür etdi. Ancaq Əli İnsanov unudur ki, heç bir beynəlxalq təşkilat adı korrupsiya əməllərində hallanan, xalqın malına göz tikən keçmiş səhiyyə nazirinin azad edilməsini təklif etməz. Ona görə də Əli İnsanovun verdiyi müsahibələr gülünc səslənir.

Əli İnsanovun şəxsi marağı, ambisiyası, kini-küdurəti ölkə Prezidentin humanist addımını lazımınca qiymətləndirməyə imkan vermir. Keçmiş səhiyyə naziri unudur ki, məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müstəqil Azərbaycan dövləti yaradılıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusu reallığa çevrilib.