Əfsuslar olsun ki, Ermənistan bizim sülh təşəbbüslərimizə hələ də müsbət cavab verməyib

Sizə keçən dəfə dediyim kimi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırıq. Əslində, danışıqlar və təmaslar başlayıb. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.

“Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə, hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan dərhal sərhədlərin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırdır: “Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik”.