“Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır” -ARAŞDIRMA

Müasir dövrdə qadınların ayrıseçkiliyə məruz qalması.

Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradırdı. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırdı.Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür. Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Qadın ailə üçün xilaskar ola biləcəyi qədər, onun dağılmasına səbəbkar da ola bilər. Özünün reproduktiv funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyaya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar və ya qısmən atılıb. Onu da qeyd edə bilərəm ki, hələ ki, heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni , ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib. Son yüzillikdə qadınlar bir çox hüquqular əldə ediblər, lakin məsələ tam həllini tapmayıb. Dünyada elə bir ölkə yoxdur ki, orada qadınlar kişilərdən daha çox pul qazansınlar. Hətta eyni vəzifədə çalışmış olsalar belə yenə də fərq hiss olunandır. Qadınlar dünya əhalisinin yarısını təşkil edirlər və təbii olaraq səhiyyə, təhsil, qazanc, siyasi hüquq və s. kişilərlə bərabər haqlara sahib olmalıdırlar.
Ümumdünya gender araşdırmaları mərkəzləri hər il dünayada gender bərabərliyinin inkişaf səviyyəsi ilə bağlı hesabat hazırlayırlar. Hesabatlara əsasən demək olar ki, bu problemin həlli daha çox Şimali Avropa ölkələrində qismən həllini tapır. Bu ölkələr sırasında İslandiya, Finlandiya, Norveç, İsveç, Danimarka aiddir. Buna səbəb kimi müasir innovasiyaların, iqtisadiyyatın və yüksək həyat səviyyəsinin olmasını göstərmək olar.
Amerika kimi demokratik bir dövlətdə də vəziyyət ürəkaçan deyil, yəni əslində Amerikada bu yöndə üstünlük var, amma yenə də Avropadan geri qalır. Bu geriqalmaya səbəb qadınlarla kişilərin hüquqlarının qanunla eyni qaydada tənzimlənməsinə baxmayaraq, dünya reytinq göstəricilərində siyasətlə məşğul olan qadınların sayı olduqca azdır. Hətta Mərkəzi Amerikada yerləşən balaca və kasıb Nikaraqua, Ruanda, kimi ölkələr gender bərabərsizliyi ilə daha effektiv mübarizə aparmağa nail olublar. 2017-ci ilin reytinq göstəricilərinə görə bu sahədə 4 və 7-ci yerləri bölüşdürürlər. Ruandada parlementdə qadınların sayı kişilərdən çoxdur.
"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA
Aİ ölkələrinin idarə heyətində nə qədər qadın işləyir?

Avropa Statistika Qurumu (Eurostat) 2017-ci il üçün Avropa İttifaqı ölkələrində rəhbər vəzifədə işləyən qadınların faizini açıqlayıb.
Eurostat-ın hesabatına görə, Aİ ölkələrində idarə heyətində işləyənlərin 35 faizi qadınlardır.
2014-cü ildə Aİ ölkələrində təxminən 7,3 milyon nəfər ən azı 10 işçisi olan müəssisələrdə idarə heyətində işləyir.
Rəhbərlərin 65 faizini kişilər, 35 faizini isə qadınlar təşkil edir.
Beləliklə, Aİ ölkələrində hər 3 rəhbərdən yalnız biri qadındır.
Qadın rəhbər Latviyada 53 faiz, Bolqarıstan və Polşada 44 faiz, İrlandiyada 43 faiz, Estoniyada 42 faizdir.
Türkiyədə qadın rəhbər nisbəti isə 26 faizdir.
Lüksemburq, Belçika, Avstriya, Almaniya, İtaliya və Cənubi Kiprdə isə qadın rəhbərlər 25 faizdən azdır.
Hesabata görə, qadınlar işləyənlərin yarısını təşkil etməsinə baxmayaraq, idarəetmədə kifayət qədər yerə sahib deyillər. Menecer kimi işləyən qadınlar isə kişilərdən orta hesabla 23,4 faiz daha az qazanır.
Qadın və kişi rəhbərlərin qazancları arasındakı fərqin ən aşağı olduğu ölkə isə 5 faiz nəticə ilə Rumıniya oldu. Daha sonra Sloveniya 12,4 faiz, Belçika 13,6 faiz, Bolqarıstan 15% faiz təşkil edir.
Türkiyədə qadın rəhbərlər kişilərdən 7 faiz daha az qazanıb.
Bu fərqin ən yüksək olduğu ölkələr isə müvafiq olaraq 33,7 faiz ilə Macarıstan, 33,5 faiz ilə İtaliya, yüzdə 29,7 ilə Çexiya oldu.
Azərbaycanda isə rəsmi məlumatlara görə, qadınlar mərkəzi hakimiyyət orqanlarında 50-dən çox dövlət qurumları, o cümlədən 19 nazirlik, 9 Komitə 9 xidmət, 6 Komissiyada təmsil olunur. Hazırda nazir müavini vəzifəsində 3, Komitə sədri və sədr müavini vəzifələrində 2 qadın çalışır. Mərkəzi hakimiyyət orqanlarının rəhbər vəzifələrində çalışan qadınların payı 5%-dən çox deyil.
Yerli icra hakimiyyəti başçısılarının 1%-i, yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinin 31%-i qadınların payına düşür.

Azərbaycanda gender məsələsində real vəziyyət

"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA
Əvvəlcə onu qeyd edim ki, bütün sahələrdə olduğu kimi Azərbaycanda genderlə bağlı rəsmi statistik məlumatlar əldə etmək çox çətindir. Ya dəqiq statstik məlumatlar yoxdur, ya da asan əlçatılası vəziyyətdə deyildir. Ən yaxşi halda bir neçə il əvvəlin stastik məlumatlarına rast gəlmək mümkündür.
Müşahidələrimiz və internet üzərindən araşdırmalarımız onu göstərir ki, gender məsələsində müəyyən irəliləyişlər olsa da vəziyy bir o qədər də ürək açan deyil. Hər gün media üzərindən çoxlu sayda qadınların fiziki zorakılığa məruz qalması ilə rastlaşırıq. Azərbaycanda ən ciddi problemlərindən biri ailədə olan qadınlara qarşı zorakılıqların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Mentalitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və nəticədə bu faktların statistikadan kənarda qalmasına səbəb olur.Təəssüf ki, onların əksəriyyəti öz elementar hüquqları barədə bilgisizdirlər və bu da çox narahat edici amillərdəndir.
Sosial-iqrisadi vəziyyətin ağırlığı son illər Azərbaycan qadınının üzərinə düşən yükü bir az da ağırlaşdırıb. Qadınlar bu gün də kişilərdən çox işləyir, üstəgəl ev işləri də qadınların öhdəsindədir. Qadın bir ana kimi hər zaman övladların qayğısını çəkir. 
Yuxarıda verdiyimiz statistikaya nəzər salsaq bir daha aydın şəkildə görərik ki,bir neçə parlament üzvünün, komitə sədrinin və bəzi başqa vəzifəli şəxslərin qadın olması heç də qadınların cəmiyyətimizdə aktiv iştirak etməsi mənasına gəlmir.Parlamentdə, eləcə də digər sahələrdə təmsil olunan qadınların aktiv vəaliyyəti nəzərə çarpmır. Azərbaycanda qadınların hökumət orqanlarında təmsilçiliyi ilə bağlı kvota tətbiq olunsa da, bu sahədə ciddi problemlər mövcuddur. Ayrılan kvotaya qadınların rəqabət şəkilində gəlib çıxmaması, təsadüfi qadınların rəmzi olaraq vəzifələrə təyin olunması qadınların vəzifələrdə təmsilçiliyni ifadə edə bilmir.
Azərbaycanda dövlət orqanlarında olduğu kimi sahibkarlığın, özəl müəssisələrin sayı artsa da, özəl sektorda qadın işçilərin sayı kifayət qədər olsa da sahibkar qadınların sayı həddindən artıq azdır. Baxmayaraq ki,Azərbaycan qanunvericiliyi qadınların biznes sferasında fəaliyyətini məhdudlaşdırmır, onlara kişilərlə bərabər hüquqlar verir. Biznesin qurulmasından tutmuş hazır məhsulun satışına və vergi öhdəliklərinin ödənilməsinə qədər olan prosedurları tənzimləyən normativ aktlar hır hansı ayrı-seçkiliyi qadağan edir. Qanunvericilik qadınların biznesdə fəallığını dəstəkləsə də stimullaşdırıcı tədbirləri nəzərdə tutmur. Reallıqda vəziyyət daha çox kişilərin xeyrinədir.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra qanunvericilikdə əmək fəaliyyətində, təhsildə, sosial və iqtisadi münasibətlərdə gender bərabərliyinin təmin olunması, hər hansı ayrı-seçkiliyə yol verilməməsi məsələləri əsas xətt olaraq götürülüb. 2006-cı ildən başlayaraq qanunvericilikdə qadın sahibkarlığının inkişafı ayrıca prioritet kimi götürülməyə başlanıb.
2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyasına kiçik sahibkarlığın inkişafında gender bərabərliyinin təmin edilməsi ilə yanaşı qadın sahibkarlığının inkişaf etdirilməsi tədbirləri də daxil edildi. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında hər il bağlanan Baş Kollektiv Saziş vasitəsilə 2006-cı ildən başlayaraq hökumət üzərinə qoyulan öhdəliklər sırasında qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səylərin artırılması elementi də əlavə edildi. Bu günə kimi həmin istiqamət hər il bağlanan Sazişlərdə öhdəlik kimi təkrar olaraq əksini tapır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı çərçivəsində həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, biznes-təlim proqramlarının təşkili, habelə özəl sektorda işləyənlərin, xüsusilə də qadınların əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər nəzərdə tutulub.
2016-cı ildə qəbul edilmiş və 2017-ci ildən qüvvəyə minən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində 2025-ci ildən sonrakı dövr üçün Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin rəqabətqabiliyyətli işçi qüvvəsi olacağı, xüsusilə, gənclərin və qadınların işlə təminatına daha çox diqqət yetiriləcəyi hədəf götürülüb. Yol xəritələrindən biri olan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadın sahibkarlığının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Bunun üçün kiçik və orta sahibkarlıq subyektlərində qadınların daha çox iştirakının təmin edilməsinə əlavə imkanların yaradılması, hər region daxilində ən yaxşı nümunə kimi, qadınların rəhbərlik etdiyi şirkətlərin bilavasitə stimullaşdırılması planlaşdırılır. Yol Xəritəsi çərçivəsində qadın sahibkarlığının inkişafı üçün eyni zamanda stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması, informasiya dəstəyinin inkişaf etdirilməsi, biznes inkubatorlarının yaradılması, assosiasiyaların və peşə təşkilatlarının yaradılması kimi tədbirlərin görülməsi də nəzərdə tutulub.
Digər yol xəritəsi – Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd yerlərində qadınların peşə hazırlığı gücləndirilməsinə və onların məşğulluğunun artırılması ilə bağlı xüsusi proqramın hazırlanmasına, qadınların kənd turizminə xidmət edən ənənəvi sahələrdə (xalçaçılıq, suvenirlərin hazırlanması və s.) məşğulluğa diqqət yetirilməsi nəzərdə tutulur.
2016-cı ilin rəsmi statik məlumatlarına görə fiziki şəxslərin tərkibində sahibkar qadınların 67,0 faizi regionlarda, 33,0 faizi isə Bakıda qeydiyyatdan keçib. Regionlarda qadın sahibkarların payı getdikcə artmaqdadır. Bakını təmsil edən qadın sahibkarların sayı 2015-ci ildə 39,4% olduğu halda 2016-cı ildə 33%-ə qədər azalıb. Regionlardakı qadın sahibkarların payı isə uyğun olaraq artıb

Qadın sahibkarlar əsasən ticarət (28,7 faiz) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (32,2 faiz) sektorunda çalışırlar.
Dünya Bankının araşdırmasına görə, 2013-ci il tarixə Azərbaycanda qadınların sahibi olduğu şirkətlərin payı 4,5% olub. Halbuki araşdırma göstərir ki, 2005-ci ildə bu göstərici 14,6% çatıb. Bundan başqa mülkiyyətçiləri arasında qadınların üstünlük təşkil etdiyi şirktlərin payı 2%, top meneceri qadın olan şirkətlərin payı 2,4% olub.
Qadın sahibkarlığının inkişafına mane olan amillər
Qadın sahibkarlığı ümumi sahibkarlığın bir hissəsi olduğu üçün ölkədə mövcud olan problemlər qadın sahibkarlığının da vəziyyətinə sirayət edir. Ölkə üzrə sahibkarlığın inkişaf səviyyəsini tam məqbul hesab etmək mümkün deyil. Sahibkarlığın inkişafına mane olan bir sıra amillər (dövlət qurumlarının müdaxiləsi, lisenziyaların alınması prosedurunun mürəkkəbliyi, gömrük keçid məntəqələrindən inhisarın olması və s.) tam və ya qismən aradan qaldırılsa da həlli vacib olan problemlər (inhisarın mövcudluğu, maliyyə resurslarına çıxışın pis olması, məmur-sahibkarlığının geniş vüsət alması və s.) hələ də qalmaqdadır. Bütün bu problemlərlə yanaşı qadın sahibkarlığına məxsus bir sıra spesifik maneələr də mövcuddur. Bundan başqa aparılan araşdırmalara görə,qadınların sahibkarlıq fəaliyyətinə əngəl olan subyektiv amillərlə yanaşı obyektiv amillər də mövcuddur. Bura cəmiyyətdə qadınlarla bağlı formalaşan stereotiplər, ağır məişət yükü, əlçatanlığı aşağı olan biznes mühiti, maliyyə tapmaqda çətinliklərin olması, qadınların bizneslə məşğul olmasına cəmiyyətdə (ailədə, yaşadığı ərazidə və s.) neqativ münasibət, bilik-bacarıqların az olmasını, uğursuz təcrübənin olmasını, biznesə marağın olmamasını, biznes mühitinin olmamasının və biznesə kənar müdaxilələrin mövcudluğunu qeyd etmək olar.
Qadınların əmək haqlarının kişilərin əmək haqlarına nisbəti
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yekunları üzrə qadınların orta aylıq əmək haqqı 317 manat, kişilərin əmək haqqı 630 manat olub. Kişilərin orta aylıq nominal əmək haqqı qadınların əmək haqqından təxminən 2 dəfə yüksək olub. Əmək haqları arasında kişilərin xeyrinə bu qədər kəskin gender fərqinin olması bu indikator üzrə qadınların səlahiyyətləndirilməsinin aşağı səviyyədə olduğunu nümayiş etdirir.
Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi sahəsində mövcud potensial və problemlər

Müasir mərhələdə gender bərabərliyinə yalnız fundamental insan haqqı kimi yanaşılmır, bu həmçinin cəmiyyətin tərəqqisini, dayanıqlı və hərtərəfli iqtisadi inkişafı təmin edən modern iqtisadiyyat qurmağın təməl şərtlərindən biri hesab edilir. Xüsusilə də məşğulluq sferasında kişilərlə qadınların potensialından eyni səviyyədə istifadə edilməsi gender bərabərliyinin təmin olunmasında həlledici rol oynayır. Çünki iş həyatı həm qadınları bilik və bacarıqlarını artırmağa sövq edir ki, bu təhsildə gender bərabərliyi problemini həll edir, həm də ev işlərinin kişi və qadınları arasında bölgüsünü xeyi dərəcədə qaçılmaz edir. Əlavə olaraq, qadınların məşğulluq potensialından maksimum istifadə edilməsi onların gəlir əldə etməsinə və iqtisadi müstəqillik qazanmasına, sosial risklərdən sığortalanmasına şərait yaradır. Son onilliklərdə müxtəlif dövlətlər, xüsusilə də əsasən inkişaf etmiş ölkələri təmsil edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə əmək bazarında gender fərqlərinin aradan qaldırılması istiqamətində sıçrayışlı tərəqqi baş verib. Ən son məlumata görə, OECD üzrə tam iş vaxtında çalışan qadın və kişilərin median əmək haqqı arasında fərq 15%-dən də azdır. Öz növbəsində, iqtisadiyyat üzrə işçi qüvvəsinin tərkibində iştirakçılıq səviyyəsinə görə gender fərqi OECD üzrə orta hesabla 12%-ə enib, halbuki təşkilata üzv olan bir sıra ölkələrdə bu fərq daha azdır (məsələn, Finlandiyada 3%, İsveçdə 3.6%, Norveçdə 4.3%) . Beynəlxalq Əmək Təşkilatının son hesabatına görə, dünyanın müxtəlif regionlarında məşğulluqda gender bərabərsizliyi bir-birindən kəskin fərqlənir. Belə ki, 2016-cı ilə olan məlumata görə, dünya üzrə bu fərq orta hesabla 25%, Ərəb ölkələri üzrə 55%, Şimali Afrika və Cənubi Asiya üzrə 50%, Mərkəzi və Qərbi Asiya üzrə 30%, Latın Amerikası üzrə 25%, Cənub-şərqi Asiya üzrə 20%, Şərqi Avropa üzrə 15%, Qərbi Avropa və Şimali Amerika üzrə 10% ətrafındadır .“İşçi qüvvəsinin tərkibində iştirakçılıq səviyyəsinə gender fərqi” göstəricisi 15 yaşından yuxarı iqtisadi fəal qadın və kişilərin 15 yaşından yuxarı bütün qadın və kişilərə faizlə nisbəti kimi müəyyən edilir. Bu göstərici qadın və kişilərin iqtisadi fəallıq səviyyəsini, hər 2 cinsin iqtisadi inkişafa töhfəsini əks etdirir. İnkişaf etmiş ölkələrdə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən əmək bazarında gender fərqlərinin kəskin azalması milli hökumətlərin gündəliyində gender əsaslı strategiyaların reallaşdırılmasına xüsusi diqqətin ayrılması ilə bağlı olub. Eyni zaamanda, gender bərabəriyi OECD daxil olmaqla bir sıra beynəlxalq təşkilat və platformaların aparıcı müzakirə mövzusuna çevrilirib. Məsələn, BMT-nin 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf üzrə qlobal məqsədlərin müəyyən edilməsinə dair Qətnamədə əks olunan 17 qlobal davamlı inkişaf məqsədindən biri məhz gender bərabərliyinin təmin olunmasıdır (5-ci məqsəd). Yaxud G20 formatında dünyanın 20 aparıcı ölkəsi tərəfindən 2014-cü ildə qəbul edilən öhdəliyə görə, dünya üzrə işçi qüvvəsinin tərkibində iştirakçılıq səviyyəsinə görə gender fərqinin 2025-ci ilədək 25%-dək ixtisarına nail olmaq əsas qlobal hədəflərdən biri kimi müəyyənləşdirilib. Öz növbəsində Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayri-seçkilik haqqında Konvensiya”sına görə də irqinə, cinsinə, etiqadına, siyasi əqidəsinə, milli mənşəyinə, yaxud sosial mənsubiyyətinə görə əmək və məşğulluq sahəsində insanlara ayrı-seçkiliyin qoyulması qadğandır.
Son 10 ildə Azərbaycanda da məşğulluq sahəsindən gender fərqlərinin aradan qaldırılması üzrə hüquqi mühitin yaradılmasına yönəlik bir sıra addımlar atılıb. Məsələn, 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən, dövlət cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmağa, qadın və kişilərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün bərabər imkanların yaradılmasına təminat verir . Bunun ardınca 2007-ci ildə Əmək Məcəlləsinə dəyişiklik edildi. Dəyişikliyə əsasən, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraiti yaradılmalı, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbiri tətbiq olunmamalıdır. Lakin Məcəllədə qadınlara münasibətdə pozitiv diskriminasiya mövcuddur. Belə ki, Məcəllənin 16-cı maddəsində qeyd edilir ki, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmur. Bundan əlavə, hamilə və öhdəliyində azyaşlı uşaq olan qadınlara attestasiya prosesində, gecə növbəsində və məzuniyyətlə bağlı güzəştlər tətbiq edilir. Qadınlara hamiləlik və doğuma görə 4 aylıq ödənişli, uşağın 3 yaşınadək bəsləməsi üçün isə iş yeri saxlanmaqla ödənişsiz məzuniyyət haqqı təsbit olunub . Əmək qanunvericiliyi əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqini qadağan edir və Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı təsdiqlənib.
Rəsmi statistik məlumatların analizi göstərir ki, hazırda Azərbaycanda əmək bazarında gender fərqlərinin mövcud səviyyəsi bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə xeyli yüksəkdir. 2016-cı ilin yekunlarına əsasən, Azərbaycanda işçi qüvvəsinin tərkibində iştirakçılıq səviyyəsinə görə gender fərqi təxminən 15%-dir. Belə ki, 15 yaşlı qadınların 62,7%-i, kişilərin isə 77,7%-i iqtisadi fəal əhali kateqoriyasına aiddir.
Azərbaycanda əmək qabiliyyətli yaşında qadınların iqtisadi fəallıq səviyyəsi

Yaş qrupları Əmək qabiliyyətli yaşda qadınların ümumi sayı, min nəfər Iqtisadi fəal qadınların sayı, min nəfər Qadınların iqtisadi fəallıq səviyyəsi, iqtisadi fəal qadınların bütün qadınlara nisbəti, %
"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA

Cədvəldə təqdim edilən məlumatlardın göründüyü kimi, Azərbaycanda qadınların iqtisadi fəallıq səviyyəsi 15-64 yaş əsasında hesablandıqda 69.1%, 15 yaşdan yuxarı bütün qadınlar üzrə hesablandıqda isə 62.7% təşkil edir. Ən aşağı iqtisadi fəallıq səviyyəsi 15-19 yaş qrupuna daxil olan qadınlar arasında müşahidə edilib (14.4%). Bunun əsas səbəbi həmin qrup üzrə qadın və qızların orta məktəbin yuxarı siniflərində, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil almaları ilə bağlıdır. İqtisadi fəallıq səviyyəsinin ən yüksək olduğu yaş intervalı 25-55 yaş dövrüdür və həmin yaş qrupları üzrə iqtisadi fəallıq səviyyəsi 76-90% intervalında olub. Yuxarı yaş qruplarında (55 yaşdan sonra) qadınların erkən pensiya hüququndan istifadə etməsi, istirahətlə əlaqədar evdar olmağa üstünlük verməsi, əmək bazarında zəif rəqbət imkanlarına görə iş tapa bilməyə ümidlərini itirməsi və iqtisadi qeyri-fəal qrupuna keçməyə məcbur qalması onların iqtisadi fəallıq səviyyəsinin kəskin azalmasına səbəb olur. Cədvəldə təqdim edilən məlumatlardan da görüdüyü ki, 55-59 yaş qrupu üzrə qadınlar arasında iqtisadi fəallıq əmsalı 55% təşkil edib.
2016-cı ilin yekunlarına görə, ölkə üzrə 5.013 milyon nəfər iqtisadi fəal əhali ilə qeydə alınıb ki, onlardan 48.7%-i və ya 2.440 min nəfəri qadınlar olub. Rəsmi informasiyalara görə, 2016-cı ilin yekunları üzrə ölkədə iqtisadi fəal əhalinin ümumi sayı 5.013 milyon nəfər olub ki, ondan 48.7%-i və ya 2.439 milyon nəfərini qadınlar təşkil edib.
İqtisadi fəal qadınların 51%-i və ya 1.255 milyon nəfəri şəhərlərdə, 1.185 milyon nəfəri yaxud 49%-i kəndlərdə yaşayırlar. Lakin coğrafi baxımdan ölkədə milli gəlirin yaranmasında mövcud olan kəskin qeyri-bərabərlik kənd və şəhərlərdə yaşayan qadınların həm məşğulluq potensialının reallaşdırılması imkanları, həm onların əmək məhsuldarlığının səviyyəsi, həm də məşğulluqdan əldə etdiyi gəlirlər arasənda da eyni səviyyədə qeyri-bərabərlik yaradır. Dövlət Statistika Komitəsi Ümumi Daxili Məhsulun coğrafi bölgüsündə yalnız Bakı şəhəri üzrə məlumatı ayrıca paylaşır və digər şəhərlər üzrə anoloji informasiya ictimailəşdirilmir. Rəsmi məlumata görə, 2016-cı ildə ölkə iqtisadiyyatı üzrə yaranmış 60.3 milyard manatlıq ÜDM-nin təxminən 77%-i və ya 46.4 milyard manatı məhz Bakı şəhərində formalaşıb. Lakin ölkənin Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan kimi iri sənaye şəhərlərinin, eyni zamanda 50-dək şəhər statusuna malik rayon mərkəzlərini də iqtisadi imkanlarını nəzərə alsaq, ən kobud qiymətləndirmələrlə iqtisadiyyat üzrə məcmu ÜDM-nin 90%-ə qədərinin məhz şəhərlərdə, cəmi 10%-ə yaxın hissəsinin isə kəndlərdə yarandığını qeyd etmək mümkündür. Nəzərə alsaq ki, işçi qüvvəsinin əmək gəlirlərinin səviyyəsi bilavasitə onların əmək məhsuldarlığından asılıdır, deməli hazırkı şəraitdə Azərbaycanda kənd yaşayış məntəqələrində yaşayan iqtisadi fəal qadınların gəlir əldə etmək üçün iqtisadi imkanları şəhər məskənlərində yaşayan iqtisadi fəal qadınlara nisbətən dəfələrlə aşağıdır. Yəni eyni potensiala malik olsalar da, fərqli coğrafi iqtisadi imkanlar, qeyri-bərabə regional inkişaf onların potensialından eyni səviyyədə bəhrələnməyə imkan vermir. DSK-nın ev təsərrüfatlarının büdcə müayinəsi çərçivəsində 2016-cı ilin yekunlarına görə təqdim etdiyi məlumatlar da bu faktı təsdiqləyir . Həmin məlumata görə, Bakı şəhəri və Abşeron rayonu üzrə muzdlu məşğulluqdan əldə olunan orta aylıq gəlir ölkənin digər regionları ilə müqayisədə 2.5-3 dəfə yüksəkdir. DSK kənd və şəhərlər üzrə əmək gəlirlərinin orta səviyyəsi, həmçinin bu göstəricinin qadın və kişilər üzrə fərqi ilə bağlı göstəricilər təqdim etmiş olsa, real mənzərəni daha aydın görmək mümkün olardı.
Kənd yaşayış məskənlərində qadınların məşğulluq potensialını zəif reallaşdırmasının bir mühüm səbəbi də kəndlərdə qadınların qeyri-kənd təsərrüfatı sektorunda çalışması üçün iqtisadi potensialın çox zəif olmasıdır. Belə ki, rəsmi statistikaya görə, bütün məşğul qadınların 49%-i və ya 1.077 milyon nəfəri kənd yaşayış məskənlərində çalışır. Bütün məşğul qadınların 966 min nəfəri kənd təsərrüfatı sferasında çalışdığını nəzərə alsaq, bu o deməkdir ki, kəndlərdəki məşğul qadınların ən azı 85%-i aqrar sferaya bağlıdır və onların ən yaxşı halda 15%-i qeyri-kənd təsərrüfatı sektorunda işləyə bilir. Kənd təsərrüfatı əsasən ağır əl əməyinə əsaslandığından kənd yerlərində hər 10 məşğul qadından ən azı 8 nəfəri ağır fiziki işdə çalışmağa məcburdur. Digər tərəfdən, kənd təsərrüfatı bir nəfərə işləyənə düşən əlavə dəyərin həcmi qeyri-neft emal sənayesində çalışanların yaratdığı əlavə dəyərədən ən azı 2 dəfə geri qalır. Ümumiyyətlə, Azərbaycanda qadınların aqrar sektorda məşğulluq səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə həddən artıq yüksəkdir. Məsələn, Belçika, Fransa, Estoniya və Çexiyada bütün məşğul qadınların orta hesabla 1.5-4%-i aqrar sektorda, 70-80%-i xidmət, 15-20%-i isə müxtəlif sənayı sahələrində çalışır . BƏT-nin araşdırmalarında dünyanın müxtəlif regionlarında qadınların aqrar və qeyri-aqrar sektorları üzrə məşğulluğuna dair daha təfsilatlı məlumatlar təqdim edilir. Təşkilatın məlumatına görə, 2015-ci ildə dünya üzrə orta hesabla məşğul qadınların təxminən 25%-i aqrar sektorda, 15%-i sənayedə, 60%-i xidmət sahələrində çalışıb. Şimali Amerika v Qərbi Avropada qadınların təxminən 2%-i kənd təsərrüfatında, 10%-i sənayedə, 85%-dən çoxu xidmətdə çalışır. Bu sahədə ən pis vəziyyət Afrikanın Saxaradan cənuba olan hissəsindədir – qadınların 60%-dən çoxu aqrar sektorda, 10-i sənayedə, 30%-ə qədəri xidmət sektorunda məşğuldur . DSK bütün rayonlarda qadınların məşğulluğunun sektorlar üzrə bölgüsünü açılamadığından Azərbaycanın bölgələri üzrə bu istiqamətdə hərtərəfli analiz aparmaq mürəkkəbdir.

Azərbaycanda gender bərabərliyinin yaxşılaşması istiqamətində atılan addımlar

Son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”.
Azərbaycan qanunvericiliyində Azərbaycan Respublikası Konstitutsiyasından sonra genderlə bağlı mövcud qanunlardan ən əsası “Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublikasının Qanunudur (10 oktyabr 2006-cı il). Bununla belə, qanunun təsvirində və həyata keçirilməsində bir sıra boşluqların mövcud olması danılmazdır. Belə ki, qanunun daim təkmilləşdirilməsinə və icrasının təmin edilməsinə böyük ehtiyac vardır.
Rəsmi dövlət qurumlarının açıqlamalarına görə, Azərbaycanda 2012-ci ildə sahibkarlar arasında qadınların xüsusi çəkisi 17 faiz olubsa, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb. Son parlament seçkilərindən sonra parlamentində qadınların təmsilçiliyi 18 faizə çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasinda bir qadın nazir vəzifəsinə təyin edilib.
Ekspertlər nə deyir?
Ailə yükünün olduqca böyük hissəsi qadınların üzərinə düşdüyündən o, öz əsas fundamental hüquqlarından lazımınca istifadə elə bilmir

"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA
Rasional İnkişaf uğurunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İslmayıl bildirir ki, qadınlara qarşı ayrıseçkiliyə bütün dünyada rast gəlinir. Təkcə Azərbaycanda deyil. Bu Avropada, Kanadada, ABŞ-da, hətta dünyanın bütün ölkələrində baş verən hadisədir. Ümumiyyətlə, qadın hüquqlarını heç bir halda insan hüquqlarından ayrı götürmək olmaz. İnsan hüquqları pozulan ölkədə qadın hüquqları yaxşı vəziyyətdə ola bilməz. Hətta insan hüquqları normal olan ölkələrdə də qadın hüquqları və qadınlara qarşı ayrıseçkilik mövcuddur. Məhz ona görə də BMT-nin əsas müqavilə orqanlarından olan SİDU komitəsi bir növ qadın hüquqlarının beynəlxalq konstitusiyasını təşkil edən hüquq konvensiya kimi fəaliyyət göstərir. Bu konvensiya təhsil, səhiyyə, sosial, kənd təsərrüfatı, eyni zamanda həm siyasi, həm iqtisadi, həm də sosial müstəvilərdə pozuntuları isbat eləyən bir konvensiya kimi bu zərurətlərdən yaranmışdır. Azərbaycan həmin konvensiyaya 1995-ci ildə qoşulmaqla bir çox öhdəlikləri öz üzərinə götürüb.
Ayrıseçkiliyə səbəb nədir? Ümumilikdə bu suala çox fərqli cavablar verilə bilər. Mən bu sahədə neçə illərdir araşdırma aparan bir insan kimi deyə bilərəm ki, mənim nöqeyi-nəzərimcə qadınların rolunun və funksiyalarının daha çox reproduktiv funksiyaya bağlanması hər zaman qabarıq götürülüb. Ana, həyat yoldaşı olma məsuliyyəti önə çəkilib ki, bu da bir çox hallarda qadınları digər sahələrdə bərabər hüquqlu vətəndaş olmadan çəkindirib. Yəni qadının seçki siyasi, iqtisadi, sosial hüquqları kağız üzərində tanınsa da, praktikada buna o qədər riayət olunmur. Azərbaycan da belə ölkələrdən biridir. Belə ki, qadınların hələ də həyat və taleləri ilə bağlı bir çox qərarların qəbulunun ailənin kişi üzvlərindən-atasından, qardaşından, həyat yoldaşından, bəzən hətta oğlundan asılı olmasının şahidi oluruq. Sözsüz ki, bu hüquqlardan məhrum etmə bir çox hallarda qadını çox əlverişsiz vəziyyətdə qoyur. Belə ki, qadınlar bərabər imkanlardan istifadə edə bilmirlər. Yəni bərabər hüquqları kağız üzərində qalır. Bir çox ölkələin, o cümlədən Azərbaycanın da qanunvericiliyində, ilk öncə kostitusiyasında kişi və qadınların bərabər hüquqlarının olması ifadə olunur. Bu təəssüf ki, praktikada heç də özünü doğrultmur. Ailə yükünün olduqca böyük hissəsi qadınların üzərinə düşdüyündən o, öz əsas fundamental hüquqlarından lazımınca istifadə elə bilmir. Yəni qadının ailə yükü – uşaqların tərbiyyəsinə, məişət məslələrinə və s. bağlı olan yükləri, rolları və vəzifələri o qədər çox, o qədər ağırdır ki, qadınların öz hüquqlarının arxasınca getməyə bəzən fiziki olaraq imkanları çatmır. Hüquq və vəzifələrin, daha doğrusu rolların bərabər bölünməməsi ilə yanaşı nəsildən-nəsilə ötürülən tendensiyalar səbəbindən bəzən qadınlar əslində vəziyyətin belə olmamasının, onların da öz hüquqlarından tam istifadə etməyə haqları olduqlarının fərqində deyillər. Və artıq neçə nəsildir ki, Azərbaycan qadını patriarxat cəmiyyətin patriarxat münasibətlərinin bir növ qurbanı olaraq hüquqlarindan nəinki tam şəkildə istifadə edə bilmir, bəzən tam dərk eləyə də bilmir. Hətta nələrisə eləmək istədiyi halda bir çox baryerlərlə üzləşir. Bu baryerlər həm ailədən, həm cəmiyyətdən, həm də nəsildən- nəsilə ötürülən adət-ənənələrdən qaynaqlanır.

Kişilərin təbiət etibarilə qadınlardan fiziki üstünlüyü onlara qadınlar üzərində hegemonluğa əsas vermir

"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA
Ailə, Qadın, Uşaq məsələləri üzrə ekspert, Ümid Partiyasının Ailə,Qadın Uşaq problemləri və Gender bərabərliyi şöbəsinin müdiri İlahə Sadiqova bildirir ki, gender bərabərliyi anlayışı çətin və çətin öhdəsindən gəlinəcək bir problemdir. Bu problemin tarixi qədimdir. Adətən bioloji və sosial genderi bir-birindən ayıra bilmirlər. Cinsi ayrılığa görə diskriminasiya çox vaxt yaş, təhsil səviyyəsi, milliyyətçiliyə görə diskriminasiya ilə yanaşı addımlayır.
Gender bərabərsizliyinin yaranması və səviyyəsi aşağıdakı faktlarla əlaqəlidir:
1. Cəmiyyətin inkişafı faktı ilə (demoqrafik, texnoloji, sosial-iqtisadi):
2. Cinsiyyət sisteminin düzəni (diskriminasiya faktoru)
3. Davranış faktoru
Sosial diskriminasiyanın kökü qədim zamanlara qədər gedib çıxır, belə ki, bir çox fəlsəfi və teoloji traktatlarda qadına münasibət zavallı bir varlığa olan münasibətlə eyniləşdirilib. Məsələn, Sokrat deyirdi ki, üç nəsnəni xoşbəxtlik hesab etmək olar: sənin vəhşi heyvan olmadığını, barbar olmadığını və qadın olmadığını. Sokratın dövründən 2500 il keçməsinə baxmayaraq, bu problem öz aktuallığını hələ də saxlayır.
Son yüzillikdə qadınlar bir çox hüquqular əldə ediblər, lakin məsələ tam həllini tapmayıb. ənənəvi olaraq qadın və kişilər arasında kəskin əmək bölgüsü mövcuddur. Müvafiq resurs mərkəzlərinin olmaması, stereotiplər və ev işlərinin çoxluğu, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir. Gənc qızlar ictimai fəaliyyətlərə az maraq göstərir, çünki bu onların gələcək ailə həyatına təsir edir. Gənc xanımların ev, həyat yoldaşı və azyaşlı uşağının qayğısına qalmaq məcburiyyəti, üstəlik həyat yoldaşının qısqanclığı onların sosial həyatda daha aktiv mövqeyinə mane olur. Məsələn, subay qadın yüksək vəzifədə çalışırsa və bu sahədə uğurludursa, bir müddət sonra beynində sual yaranır, bəs ailə? Ona elə gəlir ki, karyera və ailə yanaşı addımlaya bilməz. Bu fikri də onda yaradan cəmiyyətdəki stereotiplərdir. Stereotiplər də boşuna yaranmayıb, onları yaradan tarixən kişilər tərəfindən idarə olunan cəmiyyətdir. Kişilər təbiət etibarilə qadınlardan fiziki üstündürlər, lakin bu üstünlük onlara qadınlar üzərində hegemonluğa əsas vermir. Qadının təbiət etibarilə daha emosional və məqsədyönlü olması isə kişilərə nisbətən daha yüksəkdir. Məhz bu fakt kişilərdə şüuraltı natamamlıq kompleksi yaradır. Bu kompleksi dəf etməkçün kişilər qadınların şüuraltına onların zəif olduqları, daim qorunmağa ehtiyacları olduğunu, müstəqil qərar qəbul edə bilməmək kimi məsələləri yeridirlər və qadın da bunu qəbul edir.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçünsə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır.
Bunun əsasında da bioloji və sosial cinsin bir-birindən ayrılmaması durur. Bundan irəli gələn bütün proseslər də bir norma kimi qəbul edilir və təbiətdən, Allahdan gələn bir ayrıcalıq kimi qəbul edilir. Məsələn, biz heç fikirləşmədən “sən qadınsan, vəzifən də ev işləri ilə məşğul olmaqdı” və ya “sən kişisən, vəzifən də ailəni təmin etməkdir” fikirlərini səsləndiririk.
Biz bioloji cinsi dəyişə bilmərik (istisna hallar ola bilər cins dəyişmə ilə bağlı, lakin burda reproduktiv funksiya olmadığına görə, qətiyyətlə deyə bilərik ki, bioloji cins dəyişilə bilməz), amma sosial rolumuzu, yəni genderi dəyişmək mümkündür.
Bəs gender stereotiplərini necə dəyişmək olar?
İlk növbədə təhsil sistemi vasitəsilə. Burada təkcə qadınların təhsilə cəlb edilməsindən söhbət getmir. Bu gün təhsil alan qızların sayı, oğlanlara nisbətən daha çoxdur. Məsələ ondadır ki, təhsil sisteminin mahiyyəti əvvəlindən sona qədər dünyanın androsentrik, maskulin rəsmini çəkir, bununla da ənənəvi gender stereotiplərini möhkəmləndirir.
Tədris proqramlarının, təhsil sisteminin dəyişilməsi çox önəmlidir ki, burada qızlar ilk növbədə, özləri haqqında məlumatlar əldə etməlidirlər: tarixdə qadınların rolu, kişi cəmiyyətində sağ qalmaq uğrunda mübarizələri və s.
"Kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır" -ARAŞDIRMA

Təəssüf ki kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır 

Ekspert Şəhla İsmayıl bildirir ki, bir çox sistemlərdə qadınlar üçün de-yure bərabər imkanlar yaradılsa da, de-fakto qadın gözə görünməyən maneələrlə qarşılaşır. Buna “şüşə tavan” deyilir. Həmin o “şüşə tavan”ı qadınlar yarıb keçə bilmədiyindən yüksək vəzifələrə qalxa bilmirlər. Bir çox müəssisələrdə qadınlar say etibarı ilə çoxluq təşkil etsələr də, kişilərin vəzifə sahibi olması qadınları həmişə bir növ qara əməyə məhkum etmiş olur. Beləliklə də, vəzifələrdə az təmsil olunan qadınlar sözsüz ki öz maraqlarını və ümumən qadınların maraqlarını ifadə edə bilmirlər. Müəssisənin funksiyasından asılı olmayaraq həmin müəssisənin mandatına uyğun olaraq öz hüquqlarını heç cürə təkmilləşdirə bilmirlər. Və bir çox vaxtlarda əlverişsiz şəraitdə işləməyə məcbur olurlar. Bir çox müəssisələrdə maaşlar bərabər olsa belə reallıqda fərqli bir mənzərənin, qadınların daha çox iş gördüyünün şahidi oluruq. Müşahidələr və bəzi hesabatlar da bunu söyləyir. Bir çox ölkələrdə olduğu kimi təəssüf ki, Azərbaycanda da belə xoşa gəlməz, acınacaqlı mənzərə ilə qarşılaşırıq. Bizdə ən qabarıq olan məsələlərdən biri qadınlara qarşı zorakılığın yüksək həddə gəlib çatmasıdır. Biz bunu hər gün mediadan da izləyirik. Əslində qadına qarşı zorakılığa həyacan təbilinin çalınası vəziyyətindədir. Qadın hüquqlarına dair məsələlərə səthi, aqresiv yanaşmanın, ümumilikdə, zorakı bir vəziyyətin olmasının ən bariz nümunəsindən biri BMT-nin əhali fondunun artıq həyəcan təbili çalınmış bir vəziyyətdə olan hesabatında özünü göstərir ki, burada da doğulan qızların sayının az olması göstərilir. Doğulan uşaqlarda cinsi nisbət pozulmuş vəziyyətdədir. Dünya üzrə təəssüf ki, Azərbaycan bu sahədə Çindən sonra ikinci yerdədir. Bu sellektiv aportlarla bağlı alınan rəqəmdir. Bu da son 10 ildə müasir texnalogiyaların inkişafı ilə meydana gələn tendensiyasıdır. Qızların cəmiyyətdə arzu olunmaması, yəni doğulmaması istəyi olan bir cəmiyyətdə təsəvvür edin ki qızlar daha hansı əngəllərlə üzləşir. Belə bir ölkədə bərabər şəraitin qazanılması çox çətindir. Bir daha vurgulamağı özümə borc bilirəm ki, təəssüf ki kağız üzərində yazılan bərabərlik rəmzi məna daşıyır. Bütün müstəvilərdə biz bunun şahidi oluruq. Baxmayaraq ki, bir çox çabalar göstərilir, amma hesab edirəm ki, görüləsi işlərin sayı görülən işlərdən xeyli çox olmalıdır ki, biz ilk öncə qadına qarşı olan ayrıseçkiliyin, zorakılığın artmasını dayandıraq, sonra da bu cari vəziyyətin, zorakılıq hallarının qarşısının alınmasına qismən nail ola bilək.

Azərbaycanda qadınların səlahiyyətlərinin artırılması və imkanlarının genişləndirilməsi ilə bağlı problemlər var və onların həlli üçün addımların atılması çox önəmlidir

Qadınların səlahiyyətləndirilməsi, onların hüquq və imkanlarının genişləndirilməsi ötən əsrin 70-80-cı illərindən başlayaraq müxtəlif ölkələrdə milli hökumətlərin əsas prioritetləri sırasına daxil olmağa başlayıb. Doğrudur, həmin mərhələyədək BMT səviyyəsində insan hüquq və azadlıqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərin qəbul edilmişdi. Lakin zaman keçdikcə aydın oldu ki, gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının qorunması əlahiddə yanaşma və xüsusi diqqət tələb edir.
Yoxsulluğun, zəif təhsilin, aşağı gəlirliliyin qadınlar arasında kişilərlə müqayisədə daha geniş yayılması qadınların imkanlarının artırılması və onların səlahiyyətlərinin artırılmasının vacibliyini önə çəkdi. Bu baxımdan 1995-ci ildə BMT-nin qəbul etdiyi Pekin Bəyannaməsində, onun ardınca 2000-ci ildə qəbul olunan Minilliyin İnkişaf Məqsədlərinə dair Bəyannamədə qadınların təhsildə iştirakçılığının gücləndirilməsinə, sağlamlıqlarının qorunması üçün şəraitin yaxşılaşdırılmasına, həmçinin iqtisadi imkanlarının atırılmasına xüsusi diqqət yetirilib. BMT-nin 2030-cu ilə qədər olan dövrü əhatə edən Davamlı İnkişaf Məqsədləri Bəyannaməsində əks olunan 17 qlobal davamlı inkişaf məqsədindən biri məhz gender bərabərliyinin təmin olunmasıdır. 5-ci məqsədi nəzərdə tutan gender bərabərliyi ilə bağlı hissədə bir daha qadınlara qarşı hər cür zorakılğın aradan qaldırılmasının, siyasi və iqtisadi həyatda qadınların iştirakçılıq imkanlarının artırılmasının, yüksək texnologiyalardan qadınların imkanlarının genişləndirilməsi üçün istifadə edilməsinin, cəmiyyət həyatının bütün sahələrində qadınların hüquq və imkanlarının genişlənidirilməsinə yönələn mükəmməl strategiyaların həyata keçirilməsinin vacibliyi vurğulanır.
Axır 20 ildə Azərbaycan da bu beynəlxalq çağrışlardan kənarda qalmayıb və ölkədə qadınların səaliyyətləndirilməsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində müəyyən addımlar atılıb. Həm gender bərabərliyinin təmin edilməsi ilə bağlı ayrıca qanunun qəbulu, həm qadın problemlərinin həllinə məsul dövlət komitəsinin yaradılması, eyni zamanda əmək və məşğulluq sahəsində qəbul edilən dövlət proqramlarına, iqtisadi inkişafa dair yol xəritələrinə qadınların gücləndirilməsinə yönəlik məxsusi istiqamətlərin daxil edilməsi hökumətin gender bərabərliyinə biganə qalmadığını təsdiqləyir. Bununla belə, aparılan analizlər və beynəlxalq müqayisələr göstərir ki, Azərbaycanda qadınların səlahiyyətlərinin artırılması və imkanlarının genişləndirilməsi ilə bağlı problemlər var və onların həlli üçün addımların atılması çox önəmlidir.
Müxtəlif beynəlxalq sənədlər və qlobal araşdırmalar əsasında təqdim olunan tədqiqat çərçivəsində qadınların səlahiyyətləndirilməsi ilə bağlı hazırlanmış indikatorlar əsasında qiymətləndirmələr Azərbaycandakı real vəziyyətlə bağlı aşağıdakı nəticələri ortaya qoyur: 
• BMT tərəfindən aparılan dəyərləndirmələr Azərbaycanda gender bərabərsizliyinin xeyli kəskin olduğunu göstərir. Belə ki, təşkilatın tərtib etdiyi Gender Bərabərsizliyi İndeksinə əsasən Azərbaycan gender 2015-ci ildə üzrə 0,326 balla 188 ölkə arasında 78-ci yeri tutub;
• Dünya İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal Gender Fərqi İndeksinə görə, son 10 ildə (2007-2017-ci illərdə) Azərbaycanda gender fərqlərinin artımı müşahidə edilib. Belə ki, hesabata görə, 2007-ci ildə Azərbaycanın mövqeyi reytinqə daxil edilən ölkələrin 55%-dən yüksək olduğu halda, 2017-ci ildə bu göstərici 33% olub. Qlobal indeksdə Azərbaycanın mövqeyinə gəldikdə 2007-ci ildə 128 ölkə arasında 59-cu, 20017-ci ildə isə 144 ölkə arasında 98-ci yerdə qərarlaşıb.
• Qlobal Gender Fərqi İndeksində sağlamlıq və siyasi səlahiyyətləndirmə üzrə Azərbaycanın mövqeyi daha çox narahatlıq doğurur. Belə ki, səhiyyə xidmətlərində əlçatanlıq sahəsində gender fərqlərinə görə Azərbaycan 144 ölkə arasında 142-ci, siyasi səlahiyətləndirmə üzrə 131-ci yerdə qərarlaşıb.
• Tədqiqat çərçivəsində ekspert qrupu tərəfindən qadınların səlahiyyətlərinin artırılması məqsədilə hazırlanan inidkatorlar əsasında aparılmış dəyərləndirmə ayrı-ayrı istiqamətlər üzrə qadınların səlahiyyətlərinin artırılmasının fərqli səviyyəyə malik olduğunu göstərir. Belə ki, indeksin hesablanması üçün tətbiq olunan 5 subindeksdən biri olan “iqtisadi fəallıq və imkanlar” üzrə 35,6% olmaqla aşağı, “təhsildə iştirakçılıq” subindeksi üzrə 41,7% olmaqla orta, “idarəetmədə iştirakçılıq” subindeksi üzrə 19,7% olmaqla çox aşağı, “sağlamlıq və ömür uzunluğu” subindeksi üzrə 54,3% olmaqla orta, “media” subindeksi üzrə 27,7% olmaqla aşağı kimi nəticələr qeydə alınmışdır. Həmçinin subindekslərə daxil olan ayrı-ayrı indikatorlar üzrə qiymətləndirmələr sosial-iqtisadi sahədə qadınların səlahiyyətlərinin artırılması üçün gender fərqlərinin azaldılmasının zəruri olduğunu önə çəkir. Belə ki, ümumilikdə əmək qabiliyyətli və işçi qüvvəsinin tərkibində iştirak edən qadın və kişilərin nisbəti arasında fərq böyük olmasa da (təxminən 7-8%), lakin sahibkarlıq fəaliyyətində bu fərq həddən artıq böyükdür (bütün sahibkarlıq subyektlərinin cəmi 21%-i qadınlardır). Yaxud yüksək ixtisaslı iş yerlərində çalışan qadın və kişilərin nisbəti təxminən eyni olsa da, qadınların orta aylıq nominal əmək haqqı kişilərlə müqayisədə 2 dəfəyə yaxın az olub.
• Qadınların səlahiyyətlərinin artırılması üzrə dəyərləndirmə aparılması üçün vacib olan bir sıra statistik məlumatları açıq rəsmi informasiya mənbələrindən əldə etmək mümkün deyil. Məsələn, iqtisadiyyatın sahələri üzrə qadın və kişilərin məşğulluğu ilə bağlı statistika mövcuddur, lakin konkret peşə və ixtisaslar üzrə iş yerlərinin gender bölgüsü açıqlanmır. Yaxud Azərbaycanda maliyyə aktivlərinin gender bölgüsü, daşınar əmlaka malik qadınların kişilərə nisbəti, Yerli özünüidarə qurumlarında çalışan qadınlarla kişilərin nisbəti, konkret tibbi xidmətə çıxış olan qadınlarla kişilərin nisbəti kimi indikatorlar üzrə rəsmi statistik məlumatlar yoxdur, yaxud əlçatan deyil.

Qeyd olunan problemlərdən çıxış edərək Azərbaycanda qadınların sosial-iqtisadi baxımdan səlahiyyətlənidirlməsinin gücləndirilməsi üçün aşağıdakı tövsiyə və təkliflər təqdim edilir:
• Hökumət gender inkişafı ilə bağlı ayrıca strategiya və həmin strategiyanın reallaşdırılması üçün proqram sənədləri qəbul etməli, iqtisadi imkanların reallaşdırılması, maliyyə və sosial xidmətlərə əlçatanlıq sahəsində gender bərabərsizliyinin azaldılması, qadınların səlahiyyətlərinin artırılması sahəsində görülən işlərin gücləndirilməsi hökumətin gender strategiyasının əsas prioritetləri kimi müəyyən olunmalıdır;
• Səlahiyyətli dövlət orqanlarının “Qadınların Səlahiyyətləndirilməsi İndeksi”ni tətbiq etməsi, vətəndaş cəmiyyətinin iştirakı ilə yaxşı beynəlxalq təcübələr nəzərə alınmaqla həmin indeksin təkmil metodologiyasının işlənməsi məqsədəuyğundur. Bu indeksin rəsmi səviyyədə tətbiqi, həmin indeksin ortaya çıxardığı boşluq və çatımazlıqlar hökumətin gender və qadın inkişafı siyasətinin istiqamətlərini formalaşdırmağa imkan verər;
• “Qadınların Səlahiyyətləndirilməsi İndeksi”nin işlənməsi, bütövlükdə gender bərabərliyinin qiymətləndirilməsi üçün zəruri olan etirbarlı statistik məlumat bazasının formalaşdırılması vacibdir. Xüsusilə də konkret tibbi xidmətlərə və maliyyə xidmətərinə əlçatanlıqda, əmlaka sahiblikdə, yerli özünüidarədə iştirakçılıqda gender fərqləri, ictimai müzakirələrdə iştirak edən qadınların sayı, qadın maraq qruplarının lobbiçiliyi ilə təklif olunan və qəbul edilən qanunvericilik aktlarının sayı ilə bağlı rəsmi statistik məlumatlar hesabatlara daxil edilməlidir.

Biz nədənsə qadınlara adətən zəif cinsin nümayəndəsi kimi baxırıq

Bir daha qeyd edim ki,yuxarıda verilən statistikalardan ,səsləndirlən fikirlərdən, apardığımız araşdırmalardan də görmək olur ki, hansı ölkələrdə cəmiyyət daha çox inkişaf edibsə, demokratikləşibsə, qadınlar daha çox təhsilli və dünyagörüşlüdürsə o ölkələrdə gender bərabərliyinin vəziyyəti yaxşıdır. Qadınlar bioloji varlıq kimi zəif yaradılasa da, müəyyən strotiplər onların inkişafının, azadlığının qarşısına sədd çəksə də qadına olan zorakılığın aradan qaldırılması, onların həyatda özünəməxsus yerlərə sahib çıxması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq artırılmalı, hər bir qadının dünyagörüşünün, özünəgüvənin artırılması üçün maarifləndirici tədbirlər həyata keçirilməli, mətbuatda, xüsusilə televiziyalarda qadın zorakılığını təbliğ edəcək materiallar deyil, qadınların maarifləndirilməsi istiqamətində ictimai verilişlərə üstünlük verilməli, ictimai institutlar bu istiqamətdə səylərini artırmalıdır.

P.S. Biz nədənsə qadınlara adətən zəif cinsin nümayəndəsi kimi baxırıq. Heç də uzaq keçmiş olmayan ikinci dünya müharibəsi dövründə istər kənd təssərrüfanında, istərsə də zavod və fabriklərdə kişilərin əvəzinə işləyən qadınların elə həmin qadınlar olduğunu unutmamalıyıq. Onda qadınlar ana olmaqla bərabər, həm də ailə başçısı funksiyasını yerinə yerirdilər. Müasir dövrdə dünyanın ən böyük, inkişaf etmiş ölkələrinin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, hətta müdafiə nazirləri xanımlardır. Bu qədər böyük ölkələrin böyük, məsul vəzifələrini kişilərdən yaxşı yerinə yetirən xanımlar, həm də həyat yoldaşıdır, anadır. O cəmiyyətlərdə ki qadına önəm, üstünlük verilmir, o cəmiyyət inkişaf edə bilməz. Orda tərəqqi olmaz. Qadınlar işdə daha məsuliyyətlidirlər. Daha intizamlıdırlar. Ölkənin bütün sektorlarında bunlar nəzərə alınmalıdır. Biz ölkənin inkişafını, tərəqqisini, demokratiyasını istəyiriksə, cəmiyyətdə qadınların rolunu artırmalıyıq. Bu həqiqətdir.

Elman Abbasov.

Jurnalist araşdırması Avropa Ittifaqı və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən, Demokratiya Monitoru İctimai Birliyinin ekspertləri tərəfindən həyata keçirilən “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş Vətəndaş Cəmiyyəti dəstəyi” Layihəsi çərçivəsində edilmişdir

ƏvvəlkiErmənistan silahlı bölmələri atəşkəsi 110 dəfə pozub
NövbətiƏrdoğan müsəlmanları Qarabağı azad etməyə çağırdı